"Report”un xəbərinə görə, təbrik mətnində deyilir ki, gənclərin orduya hazırlanması, milli-mənəvi dəyərlər əsasında, intellektual, fiziki və mənəvi tərbiyəsi ölkə rəhbərinin fəaliyyətində prioritetdir: "Ölkəmizdə gənclər evləri, olimpiya idman kompleksləri, idman-sağlamlıq mərkəzləri yaradılıb və gənclərin sosial problemlərinin həlli sahəsində böyük nailiyyətlər əldə olunub. Gənclərimiz beynəlxalq idman arenalarında əldə etdikləri qələbələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırırlar”.
Müraciətdə vurğulanıb ki, bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrdə xidməti özlərinə şərəf bilir və qarşıya qoyulmuş bütün vəzifələri ləyaqətlə yerinə yetirirlər: "Silahlı Qüvvələrdə xidmət edənlərin böyük hissəsi gənclərdir. Hərbi xidmətdə olan gənclərimiz cəmiyyətin aparıcı qüvvəsi olaraq, Vətən və xalq qarşısında öz müqəddəs borcunu dərindən dərk edir, səngərdə, döyüş mövqeyində xidmət edən zabit və əsgərlərimizin yüksək peşəkarlığı sayəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınır.
Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərinə Vətən üçün layiqli övladlar böyütdüklərinə görə bir daha minnətdarlığımı bildirirəm. Şəhidlərin qisası alınır və bundan sonra da alınacaq.
İnanıram ki, Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarımızda dalğalandıracaqlar”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !