Azərbaycanın qərb rayonlarında neft axtarışına başlanıldı

18:52 | 22.01.2014
Azərbaycanın qərb rayonlarında neft axtarışına başlanıldı

Azərbaycanın qərb rayonlarında neft axtarışına başlanıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Yevlax və Mingəçevir rayonlarında neft axtarışındadır.

ANN.Az-ın Akademiyaya istinadən məlumat verir ki, bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilib. Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılıb, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb.

Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır. İşlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirir ki, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir. Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcək. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM