Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralda qeyd edilən Azərbaycan Gənclər günü münasibətlə "Azercell Telekom” MMC ölkəmizin Beynəlxalq İnformatika Olimipiadası (IOI) üzrə milli yığmasının gənc qaliblərini mükafatlandırıb. Azercell-in Baş Ofisində təşkil olunan görüşdə milli komandanın medalçıları, layihə rəhbəri, müəllimləri və lider mobil operatorun rəhbər heyəti iştirak edib. Tədbirdə Olimpiada qalibləri Xizri Saxrayev, Fidan Hüseynova, Fuad Qarayev, Fidan Qarayeva Azercell-dən dəyərli hədiyyələr və sertifikatla təltif olunublar. Təltifetmə mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, Tərəfdaşlarla münasibət şöbəsinin direktoru Nigar Şıxlinskaya, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Təhsil İnstitutunun əməkdaşları məktəbliləri təbrik edib, onlara təhsildə uğurlar və gələcək turnirlərdə Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı arzulayıblar.
Onu da qeyd edək ki, məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə artıq ikinci ildir ki, ölkənin aparıcı mobil operatoru proqramlaşdırma üzrə "AZERCELL CUP” müsabiqəsi təşkil edir. Milli yığma üçün istedad mənbəyinə çevrilən yarışda bu günə kimi 1000-ə yaxın şagird iştirak edib. Müsabiqədən seçilərək dərslərə dəvət olunan şagirdlər beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək medal qazanıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !