Lider
mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək
naminə gördüyü işlər haqqında danışdı.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda
keçirilən "GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən
bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG)
prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən
Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin
ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında
danışıb.
"Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim
etmək mənim üçün xüsusilə qürurverici oldu. Çünki bununla biz şirkətimizin
timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata
keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız Azercell-in
sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi,
rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması
istiqamətində gördüyü işləri özündə əks etdirir”,- deyə Şirin Əliyevə bildirib.
Azercell-in ESG hesabatı 2023-cü ili əhatə edir.
Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət
qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda
çıxış edən Şirin Əlyeva Azercell-in enerji, su və yanacaq tədarükündə səmərəliliyin
təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.
Hesabatda günəş enerjisi ilə çalışan baza
stansiyaların yalnız Qobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd
edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə
çatdırıldığını bildirib. Belə ki, Azercell-in yeni yaşıl baza stansiyaları
artıq Zəngilan, Füzuli, Ağdam və Laçında da fəaliyyətə başlayıb. Qeyd edək
ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların
sayını 37-yə çatdırmağı planlaşdırır.
Hesabatda həmçinin Azercell-in təhsil, idman, səhiyyə,
qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər
istiqamətlərdə reallaşdırdığı sosial yönümlu təşəbbüsləri haqqında da məlumat
verilib. Eyni zamanda, hesabat Azercell-in əməkdaşlarının inkişafı üçün həyata
keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri
bir daha vurğulayır.
Şirin Əliyeva bildirdi: "Azercell-in fəaliyyəti hər
il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir. Bu da öz növbəsində
görülən işlərin effektivliyinin bariz nümunəsidir”.
Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul
edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə
Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !