İnternetdən
istifadə arealının genişlənməsi nəticəsində uşaqların, yeniyetmələrin üzləşə
biləcəyi təhlükələri müəyyənləşdirmək və onları aradan qaldırmaq üçün "Azercell
Telekom” MMC "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda
təlimlərini davam etdirir. Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadənin
cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrildiyini nəzərə alan şirkət
layihə çərçivəsində indiyədək ölkəmizin müxtəlif
bölgələrində məktəblilər, valideynlər və müəllimlər üçün təlim sessiyaları təşkil
edib. Növbəti təlimlərdən biri Sumqayıt şəhəri 31 saylı orta məktəbdə baş
tutub. 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini
əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri
və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə
yolları haqqında məsləhətlər verilib. "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən
keçirilən və 140 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən
səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların
siyahılarını, uşaqlara və böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını
təlqin edən materiallar təqdim olunub.
Qeyd
etmək istərdik ki, ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin
və maariflənmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi
ilə mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən
baş tutan "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində də "Azercell Telekom” MMC
-in təşkilatçılığı ilə silsilə təlimlər keçirildi.
Onu
da vurğulayaq ki, kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə
xüsusi önəm verən Azercell "Universal
Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin də yer
aldığı "Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram
uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri
izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə
və onun üçün təhlükəsiz ərazi yaratmağa imkanı verir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !