Ölkə əhalisinin
əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan "Azercell
Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə
fərqlənir. Bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral
ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq
olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz
Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib. Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev,
şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin
müdiri Fuad Qarayev,
Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara
hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində
müvəffəqiyyətlər arzu ediblər. "Məktəblilərimizin
son illər ərzində
beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası
qürur verici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində
Azercell-in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə
informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların
yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu
istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə
giriş nitqi ilə çıxış edərək qeyd edib. Fuad Qarayev, öz növbəsində, Azercell şirkətinə təşəkkürünü
bildirərək, Təhsil İnstitutu ilə "Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində
informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü
işlərin aparılması istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi
olaraq komandamızın nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam
edecəyinə ümid etdiyini bildirib. Azercell
tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.
Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !