“Azəriqaz” İstehsalat Birliyinin Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməsinin səbəbi bəlli olub.Birliyin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev Modern.az-a bildirib ki, aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən əraziyə baxış keçirilərkən məlum olub ki, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti aparılıb.A.Ağayevin sözlərinə görə, həmin ərazidə Lökbatan qəsəbəsinin qaz təchizatını təmin edən 311 metrlik orta təzyiqli yeratlı politilen borunun 350 metr hissəsi, eyni zamanda orta təzyiqli 325 millimetr diametri olan yerüstü metal borunun 60 metr hissəsi daş hasarın içərisində qapalı şəraitdə qalıb.“Bu isə həmin qaz kəmərlərinə texniki baxış zamanı profilaktik xidmət göstərilməsinə maneçilik törətdiyi üçün müvafiq qaydada qaz istismar sahəsi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Birlik də həmin müraciəti əsas götürərək bununla bağlı həm Fövqəladə Hallar Nazirliyinə, həm də Bakı Şəhər İcra hakimiyyətinə müvafiq məktublar göndərib. Araşdırma nəticəsində məlum olub ki, həmin tikinti Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən aparılıb. Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş olunub. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə müsbət cavab verilmədiyi üçün tikinti işləri davam etdiyindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !