"Azəriqaz” İstehsalat Birliyinin vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, "Azəriqaz” İB abonentlərin, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır.
"Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbirli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”.
Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !