"Azertelecom” MMC ilə Facebook arasında müqavilə imzalanıb

11:35 | 09.11.2017

"Azertelecom” MMC ilə Facebook arasında müqavilə imzalanıb

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan milli magistral (backbone) internet operatoru "Azertelecom” MMC ilə Facebook korporasiyası arasında Facebook şirkətinin CDN (məzmun çatdırılma şəbəkəsi) keş serverlərinin "Azertelecom” MMC-nin Data mərkəzində yerləşdirilməsi barədə müqavilə imzalanıb.

 "Azertelecom”-dan GoldNews.Az–a daxil olan məlumata görə, artıq Facebook şirkətinin serverləri MMC-nin Data mərkəzində uğurla quraşdırılıb və cari ilin noyabrın 1-dən etibarən tam olaraq istifadəyə verilib.

Qlobal şirkətlərin, xüsusilə də çoxsaylı istifadəçi auditoriyasına malik olan qlobal informasiya resurslarının serverlərinin ölkə daxilində yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.  

Bu serverlərin quraşdırılması ölkəmizdə yerli facebook istifadəçiləri üçün geniş imkanlar açır.

"Azertelecom"-dan bildirildiyinə görə, Facebook şirkətinin CDN serverlərinin şirkətin Data mərkəzində yerləşdirilməsi ilk öncə bu sosial şəbəkənin istifadəçilərinin facebook kontentinə daha qısa zaman ərzində qoşulması və tələb olunan kontenti daha asan və sürətli şəkildə yükləməsi imkanını yaradır.
Digər tərəfdən facebookun təqdim etdiyi kontentin yüklənməsi üçün trafik artıq xarici data serverlərdən deyil, məhz "Azertelecom” MMC-nin Data Mərkəzindəki serverdən yüklənir ki, bu da birbaşa olaraq kontentin keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardır. 

Eyni zamanda bu yenilik xaricdən alınan trafikə də müvafiq olaraq qənaət edilməsinə, qənaət olunan trafikin isə daha optimal şəkildə digər istiqamətlərdə istifadəsinə əlverişli şərait yaradır.  "Azertelecom” şirkətinin Facebook korporasiyası ilə bu əməkdaşlığı Azərbaycanda populyar olan bu sosial şəbəkənin istifadəçiləri üçün kontentin çatdırılmasını maneəsiz, sürətli və daha əlçatan etməklə bərabər məlumatların da  emalını sürətləndirir.

Qeyd edək ki, "Azertelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya operatorunun təqdim etdiyi xidmətlər arasında internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTB (binaya qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), VoİP (İP protokolu üzərindən səsin ötürülməsi), DDOS hücumundan müdafiə və digər xidmətlər vardır. Azertelecom MMC müştərilərə innovativ və yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirir.

Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından, Facebook (www.facebook.com/azertelecom.az)  səhifəsindən əldə etmək mümkündür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti