Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Masallı-Astara yolunun A hissəsinin tikintisi ilə bağlı tapşırıq "Azərinşaat" MMC-dən alınıb.
"Report"un "Azəryolservis" ASC-dən əldə etdiyi məlumata görə, "Azərinşaat"la bağlanmış müqavilənin müddəti bu ilin iyunun 30-da başa çatıb və şirkət öz öhdəliyini tam yerinə yetirməyib.
"Bağlanmış müqaviləyə əsasən, "Azərinşaat" 22 km-lik yolun tikintisini həyata keçirməli idi. Həm onlar öz öhdəliklərini yerinə yetirməyiblər, həm də bağlanmış müqavilənin vaxtı bitib. İlkin podrat müqaviləsinə xitam verilib və tender vasitəsi ilə həmin hissənin tikintisi başqa şirkətə veriləcək", - deyə "Azəryolservis"dən bildirilib.
"Azəryolservis" rəsmisi tenderin keçiriləcəyi vaxtın hələ dəqiq bəlli olmadığını və magistral yolun digər hissələrinin tikintisi ilə bağlı işlərin plana uyğun getdiyini açıqlayıb.
Qeyd edək ki, yolun inşası Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !