Estoniyada həddi-buluğa çatmayanlarla cinsi əlaqəyə girənlər həbs cəzası alacaqlar.
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Estoniya parlamenti virtual da daxil olmaqla, azyaşlılardan seks xidməti alanların həbs cəzası alması ilə bağlı qanun layihəsini qəbul edib. 101 deputatdan 88-i qanun layihəsinin lehinə səs verib. Qanunda göstərilir ki, 14 yaşından 18 yaşa qədər olanlarla cinsi münasibətdə olanlar cərimə, ya da 3 ilə qədər həbs cəzasına məhkum ediləcəklər. 14 yaşdan aşağı olanlardan cinsi xidmət alanları 5 ilə qədər həbs cəzası gözləyir.
Belə xidmət haqqından yararlananlar münasibətdə olduğu şəxsin yaşını bilmədiklərini desələr belə, məsuliyyətdən xilas ola bilməyəcəklər, onlar bu barədə əvvəlcədən bilməyə məcburdur.
Cinayət məsuliyyəti həmçinin virtual münasibətlərə də aiddir. Müştəri azyaşlıya pul təklif edərək, vizual olaraq və ya internet vasitəsilə cinsi istəyini təmin eləməyə çalışsa, cinayət məsuliyyətindən qaça bilməyəcək.
Qanun layihəsinin müəllifi məsələ barəsində bu sözləri deyib: "Məqsədimiz fahişəliyə cəlb olunan gənclərin sayını azaltmaqdır. Müxtəlif sorğular və ekspertlərin rəyi göstərir ki, fahişəliklə məşğul olanların böyük əksəriyyəti bu işə hələ cinsi həddi buluğa çatmamışdan öncə başlayırlar, məhz buna görə də belə fəaliyyətin qarşını hökmən almaq lazımdır"
ANN.Az