Bu, bağçaların sayının artırılmasına deyil, uşaqlara xidmət şəraitinin yaxşılaşdırılmasına gətirib çıxarmalıdır
Azərbaycanda körpələr evləri, uşaq bağçaları və uşaq evləri 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməkdən azad olunacaqlar. Parlamentin payız sessiyasının son iclasında “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanun layihəsi qəbul edilib.1-5 yaşlı uşaqların 85 faizi bağçalarla təmin edilməyib
Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar.İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun ölkədə məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı probleminin həllinə müəyyən qədər kömək edəcək: “Məlumat üçün bildirdim ki, Azərbaycan MDB məkanında uşaqların bağçalarla təmin edilməsi səviyyəsinə görə xeyli geridə qalır. Azərbaycanda 1-5 yaşlı uşaqların yalnız 15 faizini bağçalarla təmin etmək mümkündür. Bu dəyişiklik iş adamlarını özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması işinə maraq göstərməyə stimul verəcək. Hazırda məktəbəqədər təhsil müəssisələrinin 40 faizi özəl müəssisələrin payına düşür. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.“Qiymətlər enməyəcəksə, dəyişikliyin mənası yoxdur”Millət vəkili Vahid Əhmədov da qəzetimizə açıqlamasında belə bir qanun layihəsinin Milli Məclisə təqdim olunması ölkə başçısının sosial yardımlarla bağlı atdığı addımlardandır: “Əsas məsələ odur ki, özəl şirkətlər, firmalar körpələr evi, uşaq bağçalarının tikintisinə daha çox diqqət etsinlər. Bununla da bağçaların sayı artıb insanların istifadəsinə verilsin”.Təhsil üzrə mütəxəssis Əjdər Ağayev də bizimlə söhbətində uşaq bağçalarının vergidən azad olunması ilk növbədə bağçaların sayının artırılmasına deyil, onların maddi-texniki təchizatının, uşaqlara xidmət şəraitinin yaxşılaşdırılmasına gətirib çıxaracağını bildirdi: “Bağçalar vergidən azad olunduğu üçün bu, valideynlərin aylıq ödəniş haqqına da təsir edə bilər. Bundan başqa, sahibkarlar üçün stimul yaradacaq ki, bağça tikib həm özləri, həm də xalq qazansın”.Qeyd edək ki, deputat Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı özəl bağçaların çox baha olduğundan gileyləndi: “Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, 700 manatdan 900 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur”.Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, bu, yeni məsələdir: “Bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək”.Uşaq bağçaları nə deyir?
Vergidən azad olunmalarının bağçalardakı aylıq ödənişə təsir edib etməyəcəyini öyrənmək üçün bir neçə bağça ilə əlaqə saxladıq. Sabunçu rayonunda yerləşən “Cırtdan” özəl uşaq bağçasının müdirəsi Əminə xanım bizimlə söhbətində qəbul edilən layihədən xəbərdar olmadıqlarını bildirdi: “Yenin qanun layihəsinin aylıq ödənişlərə təsirinə gəlincə, hələ bir söz deyə bilmərəm, baxarıq”.Yasamalda yerləşən “Çeburaşka” artıq bununla bağlı qərar da verib: “Bizdə hər uşaq üçün aylıq ödəniş 400 manat idi, yeni ildən vergilərdən azad olunduğumuz üçün bu, 350 manat olacaq”.Xətai rayonundakı “Dəniz” uşaq bağçasından bildirdilər ki, vergilərin ləğv olunması onlarda aylıq ödənişə təsir etməyəcək: “Çünki bizdə qiymətlər onsuz da digər bağçalara nisbətdə çox aşağıdır. Baxmayaraq ki, xidmətimiz onlardan geri qalmır. Valideynlər evdən uşaqlarını online izləyə bilirlər, rəqs dərslərindən tutmuş teatr dərslərinə kimi hər şey var. Aylıq ödəniş 300 manatdır və yeni ildə də belə olacaq”.
Özəl bağçalardakı mövcud qiymətlər
Qeyd edək ki, bir müddət öncə apardığımız araşdırmada özəl bağçalardakı qiymətləri öyrənmişdik. Xatırladaq ki, “Baby House”da bir uşağın aylıq ödənişi 300 manat, “Teremok”da 400 manat, “Baby plaza”da 650 manat, “Happy kids”də 350 manat, “Buta”da 350 manat, “Playorena”da 500 manat, “Gül” uşaq bağçasında 250 manatdır. Övladı sözügedən bağçalara gedən uşaqlar illik 3600-8000 manat təkcə təhsil haqqına ödəməlidirlər. Ali məktəblərdə illik təhsil haqqı isə 1000-2500 manat arasında dəyişir. Ali məktəblərin illik haqqı ilə bağçaların illik haqqını müqayisə etmək kifayətdir ki, özəl bağçalardakı qiymətlərin orta statistik azərbaycanlının cibinə yaxın durmadığını deyə bilək. Ümid edirik ki, yeni qanun layihəsinin qəbulundan sonra vəziyyət dəyişəcək. (Kaspi.az)ANN.Az