Bağçalar icra hakimiyyətindən alınıb təhsil nazirliyinə verilməlidir - AÇIQLAMA

11:04 | 08.04.2021
Bir neçə gün öncə bağçaların fəaliyyətinin dayandırılması və sonradan təhsil nazirinin canlı yayım zamanı bağçaların bağlanmayacağı barədə dedikləri cəmiyyətdə qarışıqlıq yaratdı. Bununla bağlı nə icra hakimiyyəti nə də təhsil nazirliyi bir açıqlama vermədi. Nəzərə alsaq ki, bağçalar 2011-ci ildən prezidentin sərəncamı ilə icra hakimiyyətlərinin tabeliyindədir və bu barədə qərar onlara aid olmalı idi.Lakin bununla bağlı icra hakimiyyəti nə açıqlama yaydı nə də jurnalistlərin telefonuna cavab vermədi. 

Maraqlıdır 10 il ərzində bəs bağçaların icra hakimiyyətlərinin tərkibində olması nəyi dəyişdi? 

Mövzu ilə bağlı anews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, bağçalar icra hakimiyyətlərindən alınıb Təhsil nazirliyinə verilməlidir. 

"2011-ci il  prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq baxçaları və körpələr evi Təhsil nazirliyinin balasından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Bunun əsas səbəb o idi ki, baxçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi. Çünki təhsil nazirliyi bu sahədə həmin dövrdə müəyyən qədər axsıyırdı. Sonradan məlum oldu ki, bu bağçalara ciddi təsir göstərdi. 2011-ci ildən sonra uşaq baxçaları icra hakimiyyətlərinə verildikdən sonra bəzi hallarda icra hakimiyyətləri tərəfindən özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Bağçaların yenidən düzgün bərpa edilməsi üçün təhsil nazirliyinə verilməsi vacibdir” –deyə ekspert bildirib.
 

Kamran Əsədov onu da bildirdi ki, Azərbaycanda baxçalarda təhsil alan uşaqların sayına baxsaq dünyadakı ən aşağı nəticə bizdədir. 

"Hazırda bağçalarda 1123 min uşaq oxuyur. Bu da ümümi uşaqların 25 faizi deməkdir. Dünyadakı ən aşağı nəticədir. Azərbaycanda 90 özəl uşaq baxçaları var. Orda təhsil alan uşaqlaın sayı isə 3500-ə yaxındır. Baxça məktəbin bir pilləsidir. Azərbaycanda biz hələ də baxçanı təhsil pilləsi kimi qəbul etmirik. Bu yalnışdır. Baxçalar təhsil nazirliyinə verilməlidir ki, bəzi proseslər hansı ki, indi məktəblərdə keçirilir, o proseslər bağçada tətbiq olunsun. Özəl baxçalardan məktəbə gedən uşaqlar çox şeyi bilir, amma dövlət baxçasından məktəbə gedənlər bunları bilmir. Nəticədə balans pozulur. Vahidliyin və varisliyin qorunması üçün baxçalar yenidən təhsil nazirliyinin tabeliyində. Dünya təcrübəsində məktəbəqədər təhsil müəssisələri təhsil nazirliyi yanında yaradılmış bir quruma verilib” –deyə əlavə etdi.  


Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Cəbrayılov bildirdi ki, gələcəkdə buna ehtiyac olarsa bağçalar yenidən təhsil nazirliyinin tabeliyinə keçə bilər. 

"Bağçaların icra hakimiyyətlərinin tərkibinə keçməsi ölkə prezidentinin sərəncamı ilə dəyişdirilib. Bununla bağlı bir çox analiz və təhlillər aparıldıqdan sonra bu qərar qəbul olunub. Bağçalarda təşkilatçılıq və təzcihat işlərinin aparılmasında icra hakimiyyətlərinin rolu mütləq idi. Əgər gələcəkdə zərurət olarsa, vəziyyət tələb edərsə bağçalar yenidən təhsil nazirliyinin tabeliyinə keçə bilər” – deyə qeyd etdi.

Deputat İsgəndərov Anar isə bağçaların kimin nəzarətində olmasına münasibət bildirərkən bildirdi ki, hansı qurumda olmasının heç bir fərqi yoxdur. 

"Düşünürəm ki, bağçaların icra hakimiyyəti və ya təhsil nazirliyinin tərkibində olmasının heç bir fərqi yoxdur. Əsas məsələ bağçaların necə qurulması, uşaqların orada necə qidalanması, gigenik-sanitar qaydaların və təzcihatın normal olması çox vacibdir. Azərbaycanda elə bölgələr var ki, bağçalar çox bərbad vəziyyətdədir. Bu çox acınacaqlı durumdur. Əsas insan nəfsidir, vicdan məsələsidir. Əgər kimsə bağçada hələ də uşaq yeməyini oğurlayırsa bunun hansı qurumun tərkibində olmasının fərqi yoxdur. İnsanlıq və ədalət yerində olmaldır” –deyə deputat əlavə etdi. 
 

 Gülnar Nazimqızı
 



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti