Bahar Muradova Leyla Yunusun həbsindən danışdı

22:17 | 31.07.2014
Bahar Muradova Leyla Yunusun həbsindən danışdı

Bahar Muradova Leyla Yunusun həbsindən danışdı

"İstintaq hərəkətlərinin həyata keçirilməsi üçün Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsini Cinayət-Prosesual Məcəlləsinin tələblərinə uyğun bir prosedur kimi qəbul etmək lazımdır".
Bunu açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova qeyd edib ki, L.Yunusun Azərbaycanın milli maraqlarına zidd fəaliyyət sərgilədiyi hər zaman açıq-aşkar görünürdü və bunu Azərbaycanda bilməyən yoxdur: "Azərbaycanın maraqlarına zidd mövqe sərgiləməkdə şübhələr doğuran fəaliyyət sahibləri qanun qarşısında cavabdehlik daşımalıdır. Əgər belədirsə, qanun müdafiəçiləri bunu sübut etməlidir. Əgər belə deyilsə, günahlandırılan şəxslər faktları varsa, ortaya qoyub öz günahsızlıqlarını sübut etməlidirlər. Ona görə də mən Leyla Yunusun həbs edilməsinə normal bir hadisə kimi baxıram".
Vitse-spiker əlavə edib ki, bundan bir sensasiya düzəltmək istəyənlər bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar: "Bu gün lazımsız olaraq Leyla Yunusun müdafiəsinə qalxan siyasi partiya rəhbərlərinin və vaxtilə onunla bir komandada olan şəxslərin narahatlıqlarını başa düşürəm. Görünür, onlar düşünürlər ki, bu araşdırmaların bir ucu da gəlib onlara çıxa bilər. Onların narahatlığı bununla əlaqədardır".
Qeyd edək ki, L.Yunusa Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), həyat yoldaşı Arif Yunusova qarşı isə 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib./AzNews.az/
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM