Artıq 2013-cü il tarixə çevrildi. Yola saldığımız il tarixdə ölkəmizin uğurlu dinamik inkişafı ili kimi qalacaqdır. Azərbaycan 2013-cü ildə böyük iqtisadi inkişafa nail olmuş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Azərbaycan iqtisadi artım tempinə görə lider mövqelərini yola saldığımız ildə də qoruyub saxlamışdır.
İlin ən mühüm siyasi hadisəsi prezident seçkiləri olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir.
Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanın dünyanın bir nömrəli qurumunda fəaliyyəti, “Azərspace-1” peykinin orbitə çıxarılması, Davos Dünya İqtisadi, Azərbaycan-ABŞ, II Ümumdünya Mədəniyyətlərarası Dialoq, Üçüncü Bakı Beynəlxalq Humanitar forumları, klassik “Formula -1” avtomobil yarışı, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, Trans-Adriatik kəməri (TAP) layihəsinin əsas ixrac qaz marşrutu kimi seçilməsi yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdir. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini bir daha təsdiqləyir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə etimadın göstəricisidir.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm bayram atəşfəşanlığı təşkil etmişdir.
Dəqiqələr ötdü və xalqımız 2014-cü ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin soyuq qış səmasını əlvan rənglərə boyadı.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr etdilər.
Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, Yeni il.
ANN.Az