Bakı Ali Neft Məktəbi yeni razılaşma imzaladı

12:36 | 07.05.2015
Bakı Ali Neft Məktəbi yeni razılaşma imzaladı

Bakı Ali Neft Məktəbi yeni razılaşma imzaladı

Bakı Ali Neft Məktəbi (BANM) Schneider Electric və AVANDSIS GROUP şirkətləri ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb. 

İmzalanma mərasimində BANM-in rəhbərliyi, Schneider Electric şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemirin və AVANDSIS GROUP şirkətinin direktoru Həsən Süleymanovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Fransanın Azərbaycandakı  Səfirliyinin Universitetlərlə əlaqələr üzrə nümayəndəsi Şarlott  Payen,  həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq, onlara Ali Məktəbin ümumi fəaliyyətindən və əməkdaşlıq etdiyi şirkətlərdən bəhs edib. BANM-in dünyanın aparıcı transmilli şirkətləri ilə əməkdaşlığından məmnunluqla danışan rektor E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağında keçirilən tədbirlərə bu şirkətlərin dəstək verdiklərini bildirib. O, bu yaxınlarda BANM-də keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbələrin 3-cü elmi-texniki konfransında AVANDSİS GROUP şirkətinin də yaxından iştirakını və dəstəyini vurğulayıb. Rektor E.Qasımov hər iki  şirkətlə qurulan əməkdaşlığın Ali Məktəbdəki "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın eyni zamanda, tələbələr üçün təcrübə və gələcək karyera imkanlarının verəcəyini qeyd edib. 

Daha sonra Schneider Electric şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemir çıxış edərək, Schneider Electric şirkəti haqqında məlumat verib. O, təmsil etdiyi şirkətin Azərbaycanda 10 ildən artıq fəaliyyət göstərdiyini deyib. E.Tekdemir BANM-lə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. 
AVANDSIS GROUP şirkətinin direktoru Həsən Süleymanov çıxış edərək, BANM-in tələbələrinin gələcəkdə təmsil etdiyi şirkətin fəaliyyətinə cəlb olunması, onların işlə təminatına imkanların mövcud olduğunu deyib. 

Fransanın Azərbaycandakı  Səfirliyinin Universitetlərlə əlaqələr üzrə nümayəndəsi Şarlott Payen səfirlik adından çıxış edərək, BANM-lə şirkətlər arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, 2013-ci ildə BANM-ə səfərini xatırladıb.  Şarlott  Payen nəzəri biliyin təcrübə ilə birləşməsinin çox vacib faktor olduğunu vurğulayıb. Bu baxımdan müqavilələrin tələbələr üçün əlverişli şərait yaradacağını qeyd edib. O, həmçinin Fransada mühəndislik sahəsində magistratura təhsili üçün imkanlar olduğunu deyib. 

Sonra hər iki şirkətlə müqavilələrin imzalanma mərasimi olub. 

Qeyd edək ki, imzalanan əməkdaşlıq haqqında razılaşma BANM-də "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki dəstəyin alınmasına və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM