Bakı Ali Neft Məktəbinə beynəlxalq sertifikat verildi - FOTOLAR

11:34 | 16.04.2015
Bakı Ali Neft Məktəbinə beynəlxalq sertifikat verildi - FOTOLAR

Bakı Ali Neft Məktəbinə beynəlxalq sertifikat verildi - FOTOLAR

Bakı Ali Neft Məktəbi Türk Standartları İnstitutunun (TSİ)  auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq  ISO-nun üç istiqaməti üzrə - ISO 9001 "Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 "Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” beynəlxalq sertifikatlara sahib oldu.  Sertifikatların təqdimetmə mərasimində SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun Baş katibinin müavini  Coşqun Şəntürk, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və  professor-müəllim heyəti iştirak ediblər.  

İclası açan BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu bildirərək,  deyib ki,  Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. Rektor bu müddət ərzində BANM-in strukturları ilə əməkdaşlığa və keyfiyyətin təminatı işinin səmərəsinin artırılmasına verdikləri töhfəyə görə TSİ-nin təmsilçilərinə təşəkkürünü bildirib. 

SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək, BANM-in kollektivini bu nailiyyət münasibəti ilə təbrik edib. O, Ali Məktəbdə aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun savadlı və yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib. 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun öz çıxışında bu möhtərəm tədbirə dəvət aldığı üçün BANM-in rəhbərliyinə  təşəkkürünü bildirib. O,  BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək  səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin Ali Məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.

Türk Standartları İnstitutunun (TSİ)  Baş katibinin müavini  Coşqun Şəntürk Bakıda və BANM-də olmasından məmnunluq bildirib. C.Şəntürk  BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurum tərəfindən BANM-ə beynəlxalq sertifikatların verilməsinə görə fəxr hissi keçirdiyini bildirib. 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev öz çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində BANM-in öncüllərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, bu standartlara sahib olmaq gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq. 

Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çələbi Bakı Ali Neft Məktəbinin bütün istiqamətlər üzrə  fəaliyyətini yüksək qiymətləndirərək, Ali Məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti -  ISO 9001 "Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 "Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 "Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib oldu. Bu sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək. 

Xatırladaq ki, 2014-cü ilin dekabrında Türk Standartları İnstitunun auditorları beynəlxalq standartların Bakı Ali Neft Məktəbində tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçiriblər. Dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq, BANM-in  bütün struktur bölmələri, şöbələri, mərkəzləri, kitabxana və laboratoriyaları, o cümlədən kafedraları üzrə keyfiyyət, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin sənədlərinin yoxlanışı keçirilib.

Tel: (012) 521-33-54   (http://www.bhos.edu.az)
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM