Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması ehtimalı ilə əlaqədar Bakı Metropoliteninin Nərimanov elektrik deposunda xüsusi qərargah yaradılıb.
Bu haqda "APA-Economics”ə "Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib.
"Bilirsiniz ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan "Nəriman Nərimanov” elektrik deposunun yollarıdır. Yəni bizim qatarlar səhər saatlarında depodan hərəkət edir və orada "Bakmil” stansiyası da daxil olmaqla yerüstüdür. Həmin yolların açıq saxlanılması üçün bütün tədbirlər görülüb, hazırlıqlar tamamlanıb. Qum və duz tədarükü görülüb, bütün ehtimallara qarşı maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Habelə növbətçilik cədvəlləri tərtib olunub”, - deyə N. Paşayev qeyd edib.
Onun sözlərinə görə, hətta açıq havada işləyəcək metropoliten əməkdaşları üçün isti geyimlər belə tədarük edilib.
Eyni zamanda stansiyaların giriş-çıxışlarında, pilləkənlərdə sərnişinlərin rahat hərəkət etməsi üçün tədbirlər də görüləcək. Buzlanmaya qarşı giriş-çıxışlara nəzarət olunacaq. Mütəmadi şəkildə təmizlik işləri aparılacaq ki, sərnişinlər hər hansı xoşagəlməz hallarla qarşılaşmasınlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !