Demək olar ki, hər gün metronun "İçərişəhər” stansiyasından "Gəncliy”’ qədər gedirəm. Birinci vaqona otururam. Və demək olar ki, hər dəfə "İçərişəhər” ilə "Sahil” stansiyaları və ya "Sahil” stansiyası ilə "28 may” stansiyası arasında mən siqaret qoxusunu hiss edirəm. Bu qoxunun haradan gəldiyini bilmək çətin deyil, o maşinistin kabinəsindən gəlir.
İlk vaxtlar "maşinistlər də adamdır” - deyə düşünürdüm. Onlar zamanlarının böyük qismini yeraltında keçirdir və buna görə onları da başa düşmək lazımdır.
Ancaq mən bunu siqaret qoxusunu ilk hiss etdiyim anlarda düşünmüşdüm.
Daha sonra mən hər gün siqaret qoxusunu duymağa başladım. Onun qoxusundan xoşum gəlmir. Ümumiyyətlə , kiminsə siqaret qoxusunu ciyərlərimə çəkməyim faktının özü mənə ağır gəlir. Metroya və nəqilyyata pul ödəməyim və əvəzində siqaret qoxusu dadmağım lap xoşagəlməz hissdir. ..
Axşam "Gənclik” stansiyasında düşərkən özümü saxlaya bilmədim və əl hərəkətim ilə siqaret çəkməyin ümumiyyətlə lazım olmadığını göstərdim. Maşinisti çaşdırmaq və ya onun qapısını döymək fikrim yox idi.
Amma bir az aralanmışdım ki, 45-50 yaşlarında maşinist sakitcə qapını açdı və nəsə dedi. Yaxınlaşdım və sual etdim. Bundan sonra aramızda azərbaycanca bu dialoq keçdi:
- Səkkiz saat yerin altındayam.
- Necə?
- Deyirəm, səkkiz saat yerin altındayam.
- Axı siqaretin iyi vaqona dolur.
- Neyniyim?
- Necə bəyəm neyniyim?! Camaat neynəsin bəs?
- Neyniyim.
- Səkkiz saat yerin altında qalmaq sizin probleminizdir. Qatarda, mən bilən, siqaret cəkmək olmaz.
- Kim eeee deyib sənə?
Maşinistin bu həyasız səs tonu sərnişinlərin ödədikləri vergilər hesabına maaş alan bu insanın saymazlığı məni əsəbləşdirdi.
- Qanun deyir.
- Kim deyir ee? – maşinist davam etdi.
- Mən deyirəm. Sənə deyirəm olmaz.
Bizə sakitcə qulaq asan onun digər həmkarı qatarın qapıların bağladı və hərəkət etdi.
- Get işünlə məşğul ol, - qatar hərəkət edərəkən, maşinistin mənə dediyi son söz belə oldu.
Çox təəssüf edirəm ki, tək deyildim. Əks halda bu maşinistlə axırıncı stansiyaya kimi gedər, onun başa düşəcəyi dildə sərnişinlə bu şəkildə danışmamalı olduğunu başa salar və ümumiyyətlə, dediyi sözlərə görə cavab verəcəyini izah edərdim.
Bundan sonra olanlar lap maraqlı idi. Ümumi telefondan "Metropoliten”i yığdım və bir qadın cavab verdi.
- Sual vermək olar?
- Buyurun!
- Metroda siqaret çəkmək olar?
- Siz lövhədə siqaret çəkməyin qadağan olunduğunu görmürsüz?!
- Mən görürəm, amma sizin maşinist görmür. Məgər onlar stansiyalar arasında siqaret çəkə bilər?
- Hansı stansiyalar?
- "İçərişəhər” və "Gənclik” arasında məsələn.
- Bəs nə üçün mən hər dəfə gedirəm, amma hiss etmirəm?
- Bilmirəm. Amma mən hiss edirəm.
Bundan sonra maşinistlə aramızda keçən dialoqu qadına danışır, siqaret çəkmə faktın qabardır və maşinistin davranışını izah edirəm. Qadın şikayətimin mahiyyətini, adımı-familiyamı qeyd edir və lazımi adamlara xəbər veriləcəyini deyir.
Eyni anda "Bakı Metropolitenin” mətbuat katibi Nəsimi Paşayevaya zəng edirəm. Bir neçə dəqiqə sonra biz danışa bilirik. Şikayətimin mahiyyətini izah edirəm.
Mətbuat katibi maşinistin qatar hərəkət edərkən siqaret çəkməsinin qadağan olub-olmamasını aydınlaşdırmaq üçün məndən vaxt istəyir. Maşinistin metroda siqaret çəkmək hüququnun olub-olmamasının sual doğurması faktı, məni heyrətə salır. Amma edəcək bir şey yoxdur, gözləməyə başlayıram.
5 dəqiqə keçir. Mətbuat katibi təzədən geri zəng edib xəbər verir ki, qatarın hərəkətini izləyərkən maşinist siqaret çəkə bilər.
Heyrətə düşürəm. Bir daha dəqiqləşdirmək üçün sual verirəm.
Cavab verir ki, qanun buna imkan verir. Belə ki, təhlükəsizlik qaydalarını qorumaq və külqabından istifadə etmək şərti ilə maşinist siqaret çəkə bilər.
Qeyd edirəm ki, siqaretin közü maşinistin kabinəsindən sıçrayıb harasa düşə və yanğına səbəb ola bilər.
Mətbuat katibi bildirir ki, maşinistlər bunu necə təhlükəsiz qaydada etməyin yolunu bilirlər.
Axırıncı arqumentim: "Bəs sərnişinlər nə etsin?”- sualıma cavabında deyir ki, maşinistlər çalışır ki, birinci vaqonda oturanlar siqaret qoxusun hiss etməsinlər.
Düşünürəm ki, hamı siqaret qoxusunun birinci vaqona yayılmasının qarşısının alınmasının mümkünsüzlüyünü hamı bilir.
Son nəticədə nə alınır?
O alınır ki, rahat səfər etmək hüququ olan sərnişinlər ilə heç bir halda hesablaşmayan bu absurd qanunun fonunda sərnişinlərə siqaret qoxusunu udaraq hərəkət etməkdən başqa əlac qalmır.
Məgər bu istehlakçının hüquqularına hörmət etməkdir? Xeyr.
Məgər bu pul ödəyən insanlara qarşı ədalətli davranışdır? Heç bir halda.
O zaman nə üçün "Metropoliten” qatarın hərəkəti vaxtı maşinistin siqaret çəkməsinə icazə verməklə sərnişinlərin narahatlığına səbəb olur və geniş götürsək, onların sağlamlığına zərər yetirir?...
Bu sual ritorikdir və hər zaman olduğu kimi cavabsız qalır...
P.S. İctimia yerlərdə siqaret çəkməyin qadağan edilməsi haqqında qanun qəbul edildikdən sonra maşinistlərin necə hərəkət edəcəyini görmək maraqlı olacaq. Qanunun gec, ya tez bir zamanda qəbul ediləcəyinə isə heç bir şübhəm yoxdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !