Bakı metrosuna işçi qəbul edilir

15:50 | 16.02.2015
Bakı metrosuna işçi qəbul edilir

Bakı metrosuna işçi qəbul edilir

"Bakı Metropoliteni” QSC-nin kadr komissiyası işinə başlayıb. 

ANS PRESS-in Metropolitenin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. 

Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə 2015-ci ilin yanvar ayında ”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Kadr komissiya yaradılıb.

Cəmiyyətdə kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər namizədin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.

Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir.

Müsabiqə iki mərhələli olmaqla, test imtahanından və müsahibədən ibarətdir.

13.02.2015-ci il tarixində komissiyanın ilk imtahanı keçirilib. İmtahanda vəzifə və peşə dəyişikliyi ilə bağlı Hərəkət Xidmətinin 28 nəfər əməkdaşı iştirak edib.

Test imtahanından müvəffəqiyyətlə keçən işçilər müsabiqənin ikinci mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, ”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamı əsasında Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM