Bakı Metropoliteni üçün yeni müasir vaqonların alınmasına dair Fransa şirkətləri ilə danışıqlar gedir. ANS PRESS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bir neçə gün əvvəl Bakı Metropoliteni üçün yeni və daha müasir görünüşlü vaqonların alınması ilə bağlı Fransa şirkətləri ilə anlaşma memorandumu imzalanıb. Hazırda bununla bağlı danışıqlar davam etdirilir: "Rabitə və işarəvermə xidməti, ümumiyyətlə dispetçer məntəqəsinin texnoloji avadanlıqlarının yenilənməsi və müasirləşdirilməsi, eləcə də yeni vaqonların alınması ilə bağlı danışıqlarımız davam edir.Hələlik fransızlardan nə qədər vaqon alınması razılaşdırılmayıb. Anlaşma memorandumu əməkdaşlıq üçün zəmin yaradıb. İndi bu məsələnin detalları müzakirə ediləcək ki, bizim texniki şərtlərimizə uyğun vaqonlar istehsal edilsin. Vaqonların dizaynı, onların funksionallığı və digər parametrlərlə bağlı tələblərimiz, eləcə də onları qiymətləri, təhvil verilməsi tarixi və s. məsələlərlə əlaqədar dəqiqləşdirmə aparılmalıdır".N.Paşayev qeyd edib ki, Bakı Metropolitenində mövcud vaqonların xeyli hissəsi köhnəlib və istismardan çıxarılır: "Hazırda Bakı Metropoliteninin parkı 266 vaqondan ibarətdir. Bunun 166-sı 2000-ci illlərin əvvəllərində alınıb, qalan hamısı köhnədir. Bütün vaqonların da təbii ki, istismar müddəti var. Vaqonlar istismar müddətini başa vurduqca xətlərdən çıxarılır. Müəyyən cari və əsaslı təmirdən sonra onları istifadə etmək olmaz. Ona görə də biz istismar müddəti başa çatan vaqonları xətdən çıxarıb yenilərini almaq istəyirik".Bakı Metropoliteninin sözçüsü onu da bildirib ki, 2030-cu ilədək metro stansiyalarının sayı indikindən təxminən 3 dəfə çox olacaq: "Bilirsiniz ki, artıq yeni stansiyalar və yeni xətlər inşa edilir. Bütün bunları nəzərə alaraq Bakı Metropoliteninin vaqon parkının daha müasir və rahat vaqonlar hesabına genişləndirilməsi nəzərdə tutulur. Bakı Metropoliteni QSC olaraq fəaliyyətə başladığı gündən bu istiqamətdə işlər aparılır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı ciddi tapşırıqları var və bunu daim birbaşa nəzarətində saxlayır. Bütün bu işlər həyata keçirilməlidir. Dövlət başçısının da dediyi kimi, 2030-cu ilə qədər Bakı Metropolitenində stansiyaların sayı 70-ə çatdırılmalıdır. Bakı Metropoliteninin konseptual inkişaf sxemində də var ki, stansiyaların sayı 76-ya çatdırılsın. Hazırda 23 stansiya var, 53 stansiya da tikilməlidir".Qeyd edək ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın "Alstom Transport SA", "BOUYGUES TRAVAUX PUBLİCS, LLS", "THALES S.A" şirkətləri arasında 5 anlaşma memorandumu imzalanıb. Memorandumlarda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və 2-3 ay müddətində müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur."Alstom Transport SA" ilə imzalanan memoranduma əsasən, Bakı Metropoliteninin istər yeni inşa olunan "bənövşəyi", istərsə də əvvəlki ("yaşıl" və "qırmızı") xətlərində istifadə edilmək üçün yeni, müasir vaqonların alınması planlaşdırılır."BOUYGUES TRAVAUX PUBLİCS, LLS" ilə "Bakı Metropoliteni" QSC arasında imzalanan 2 anlaşma memorandumunun birincisində "28 May" stansiyasının yenidən qurulması ("qırmızı" və "yaşıl" xətlərin ayrılması) işlərinin görülməsi, digərində isə "yaşıl" xəttin davamı olaraq "Xətai" stansiyası ilə "Həzi Aslanov-2" stansiyası arasında bir neçə stansiyanın inşası nəzərdə tutulur.Növbəti 2 anlaşma memorandumu isə "THALES S.A" şirkəti ilə imzalanıb. Birinci sənədə əsasən, Bakı Metropoliteni texnoloji cəhətdən gücləndiriləcək. Belə ki, "bənövşəyi" xətdə ("Avtovağzal", "Memar Əcəmi-2" st.) inşa olunan stansiyalarda işarəvermə və idarəetmə sistemlərinin tətbiqi üçün son texnoloji avadanlıqlardan istifadə edilməsi planlaşdırılır. Həmçinin gələcəkdə inşa olunacaq yeni stansiyalarda bu sahədə mövcud ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiq olunması gözlənilir. Digər sənəddə isə təlim və tədris proseslərinin həyata keçirilməsi nəzərdə tutulur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !