“Bakı Metropoliteni” QSC mövcud sistemin yeniləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində əsaslı işlər həyata keçirir. Sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə qurum metroloji təminatın yeni səviyyəyə yüksəldilməsi üçün yeni nəsil defektoskopiya və diaqnostika avadanlıqlarından istifadə edəcək. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, məsələ ilə bağlı QSC Böyük Britaniyanın “Megger” şirkəti ilə əməkdaşlıq etmək qərarına gəlib. Yaxın vaxtlarda şirkətin məhsulları metropolitenə gətiriləcək. “Megger” şirkəti elektrik ölçü və test avadanlıqlarının tam çeşidini istehsal edir. Avadanlıqlar istənilən elektrik sistemində elementlərin etibarlılıq və təhlükəsizliyini doğru və səlis qiymətləndirməyə imkan verir”, - deyə N. Paşayev qeyd edib. Onun sözlərinə görə, artıq avadanlığın istehsalı ilə bağlı metropolitendə əməli işlərə başlanılıb: “Bu məqsədlə elektrik təchizatı xidmətində “Nərimanov” elektrik deposu və elektromexanika xidmətlərinin mütəxəssislərinin iştirakı ilə hazırlıq tədbirləri görülür. Yeni növ cihazların səmərəli istismarını təşkil etmək üçün şirkətin mütəxəssisləri metropolitendə treninqlər keçirəcək. Avadanlıqlar və cihazlar ingilis dilində olacaq”. Qeyd edək ki, yeni avadanlıqlar sayəsində nəinki ölçmələrin dəqiqliyi təmin olunacaq, həm də işin operativliyi və sürəti də artırılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !