Bakı metrosundan şikayət

16:22 | 02.07.2014
Bakı metrosundan şikayət

Bakı metrosundan şikayət

Bakı şəhər sakini Ramiq Mədətoğlu "Azərbaycan" qəzetinə şikayət məktubu ünvanlayıb. Metro ilə bağlı problemlərin əks olunduğu məktubu olduğu kimi təqdim edirik: "Böyük şəhərlərdə metro əvəzsiz nəqliyyat vasitəsidir. Bu mənada Bakı da istisna deyil. Əhalisinin sayı ildən-ilə artan paytaxtımızı metrosuz təsəvvür etmək çətindir. Bir çox şəhər sakini kimi, metro mənim də gündəlik istifadə etdiyim ictimai nəqliyyat növüdür.Əvvəllər metro stansiyalarının girişindəki köşklər, mağazalar və alış-veriş üçün bura toplaşan müştərilər sərnişinlərin metroya rahat giriş-çıxışına mane olurdu. Bir neçə ay bundan qabaq bu köşklər yığışdırıldı. Artıq indi metro girişlərində nə satıcılar, nə ora toplaşan alıcılar var, hər kəs tam rahatlıqla platformaya düşə bilir.Lakin vaqonlarda yaranan basabas, sıxlıq bitmir ki bitmir, əksinə, gündən-günə artır. Xüsusilə pik saatlarında yaranan gərginlik adamı hövsələdən çıxarır, əsəblərini gərginləşdirir. “Neftçilər”, “Koroğlu”, “Nəriman Nərimanov”, “Gənclik”, “28 May”, “20 Yanvar”, “Elmlər Akademiyası” stansiyalarında vəziyyət daha gərgin olur. Həmin stansiyalarda o qədər sıxlıq yaranır ki, işə, dərsə tələsən sərnişinlər az qala qatarların qapılarından sallaşırlar. Bunun da əsas səbəbi, təbii ki, qatarlar arasında vaxt intervalının çox - 5-6, bəzən hətta 8-10 dəqiqə olmasıdır.Belə bir sual yaranır: ölkəmizin, o cümlədən Bakının sürətlə inkişaf etdiyi, bütün sahələrdə ən son texnologiyanın tətbiq olunduğu bir vaxtda paytaxtın ictimai nəqliyyatında belə dözülməz vəziyyət niyə yaranmalıdır? Ola bilsin ki, metro işçiləri bunu hər hansı səbəblərlə izah etsinlər. Amma bu, onların problemidir və çalışıb onu həll etməlidirlər. Sərnişinlərsə rahat və təhlükəsiz nəqliyyat hesab olunan metrodan sərbəst istifadə etmək istəyirlər.Keçən ilin axırlarında mətbuatdan oxuduq ki, metroya təzə vaqonlar gətirilir. Sevindik ki, xətdə olan qatarların sayı artacaq və bizim də canımız basabasdan qurtaracaq. Lakin gözlədiyimiz olmadı. Bununla belə, yenə ümid edirik ki, metronun bu problemi tezliklə aradan qaldırılacaq, Bakı sakinləri və şəhərimizə gələn qonaqlar yeraltı nəqliyyatdan razılıqla istifadə edə biləcəklər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb