Bakı qar sınağından çıxa bildimi? - KÖŞƏ

14:26 | 03.02.2014
Bakı qar sınağından çıxa bildimi? - KÖŞƏ

Bakı qar sınağından çıxa bildimi? - KÖŞƏ

2014-cü ilin yanvar ayını geridə qoyduq. Bu ayın quraqlıq keçməsi çoxunda "qış bitdi" təəssüratını yaratsa da, şaxta, soyuq hava, yağıntı proqnozlarının verilməsi bu təəssüratı alt-üst etdi. Hava şəraiti ilə əlaqədar dövlət komissiyası yaradıldı, paytaxtın müxtəlif küçələrində sığınacaqlar yaradıldı. Təbii, bütün bu addımlar müsbət məqam kimi dəyərləndirilməlidir. Buna baxmayaraq, faciələrdən qaçmaq mümkün olmadı. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA TV-yə açıqlamasında deyib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 9 nəfər xəstəxanaya yerləşdirilib: “Onlar aşağı ətrafların donması diaqnozu ilə daxil olub. Onların arasında sərxoş şəxslər də var idi. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdiriliblər”. ANN.Az-ın əldə etdiyi digər məlumata görə, dünən 1963-cü il təvəllüdlü bir qadın donvurmadan dünyasını dəyişib. Araşdırma zamanı həmin qadının içki düşkünü olduğu və küçədə yaşadığı bəlli olub. Bundan əlavə, qar başqa faciələrə də səbəb oldu: təzəcə hərbi xidmətdən gələn gənc buzlu yolda yıxıldı və başından aldığı zərbədən vəfat elədi. Buna oxşar hadisə deputat Zahid Orucun qohumunun da başına gəlib. İşdən evə dönən şəxs buzlu yolda yıxılıb, huşunu itirib, heç kim kömək etmədiyinə görə dondurmadan ölüb.  Demək olmaz ki, şaxtalı və qarlı havaları geridə qaldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya xidməti qarşıdakı iki gündə daha sərt şaxtaların hakim olacağını proqnozlaşdırır. Paytaxtın, elə bütünlüklə ölkənin qış sınağından uğurla çıxdığını hesab etmək olarmı? Qış sınağı deyəndə təbii ki, əsas olaraq bir neçə məqam gündəmə gəlir. Yolların təmizlənməsi, istilik sistemi və digər kommunal məsələlər. Əlbəttə ki, yuxarıda sadalanan hallar qarın, şaxtanın gətirdiyi faciələrdir. Amma bir çox hallarda onların qarşısını almaq mümkündür. Misal üçün, yollar qardan təmizlənərdisə, nə əsgərlikdən gələn o gənc, nə də deputatın qohumu faciəli şəkildə dünyadan köçməzdilər.Son iki gündə şəhərin müxtəlif küçələrində apardığım müşahidələrə görə, avtomobil yollarının təmizlənməsində ciddi irəliləyiş var. Təbii ki, irəliləyiş deyəndə ötən illərə nisbətən olan inkişafı nəzərdə tuturam. Amma bu inkişaf nə qədər normal həyatın davam etməsinə imkan verir? Müşahidənin nəticələrinə görə, təmizlik işləri əsasən, şəhərin mərkəzi küçələrində aparılır və mərkəzdən kənar küçələrdə ya gec, ya da heç aparılmır. Təbii ki, bütün bu ləngimələr sonda müəyyən fəsadların yaranmasına gətirib çıxardır. Ən əsas problemlərdən biri də avtomobil yolları təmizlənərkən piyadaların hərəkət etdiyi səkilərə və kənarlara qar topasının yığılmasıdır. Gecənin şaxtası həmin qar topalarını piyadalar üçün ən təhlükəli hala gətirir. Təsadüfi deyil ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın verdiyi məlumata görə, yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı son 3 gün ərzində – yanvarın 31-i, fevralın 1-2-də 50-yə yaxın müraciət daxil olub. Təbii ki, rəsmi nəticələr müraciət edən vətəndaşlara görə hesablanır. Nəzərə alsaq ki, nə qədər vətəndaş təcili yardıma müraciət etmir, vəziyyətin daha pis olduğu qənaətinə gələrik. Bu məsələdə müəyyən xarici təcrübə mövcuddur. Həmin ölkələrdə avtomobil yolları ilə yanaşı, piyadaların da hərəkət etdiyi yolları icra və ya bələdiyyə strukturlarının müvafiq işçiləri təmizləyir. Amma Bakıda, ümumiyyətlə, ölkədə bu mədəniyyət hələ formalaşmayıb. Varsa da, ancaq şəhərin tam mərkəzini əhatə edən bir neçə küçədə müşahidə etmək olur. Ya da hansısa sahibkar yalnız öz mağazasının, iaşə obyektinin qarşısını təmizlətdirir, vəssəlam! Qarlı və şaxtalı havada ortaya çıxan ən böyük problemlərdən biri də, evlərin istilik sistemi ilə təminatıdır. Elə şəhərin müxtəlif ərazilərində yaşayan ANN.Az-ın əməkdaşları arasında aparılan sorğunun nəticələrinə görə, ən çox əziyyət çəkilən məqamlardan biri, elə istilik sisteminin ya mövcud olmaması, ya da çox zəif olmasıdır. Əhmədli sakinlərindən birinin verdiyi məlumata görə, binalara verilən istilik sistemi ilə ev qızdırmaq mümkünsüzdür. Soyuqdan donmamaq üçün vətəndaşlar elektrik enerjisi ilə işləyən xüsusi sobalardan istifadə edirlər ki, bu da enerji sərfiyyatının aylıq 70-80 AZN civarında olması ilə nəticələnir. Əhalinin sosial vəziyyətini və minimum əmək haqqını düşünəndə, insanların cibinə nə qədər ziyan dəydiyini hesablamaq bir o qədər də çətin olmaz. Sizcə, “Bakıya qış yaraşmır” deyənlərin fikri ilə razılaşmaq lazımdırmı?

Seymur Həsənli

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM