Bakalavrlar da "Xaricdə təhsil proqramı" çərçivəsində ABŞ-da təhsil ala bilər - MÜSAHİBƏ

12:24 | 25.05.2024
Bakalavrlar da

Bakalavrlar da "Xaricdə təhsil proqramı" çərçivəsində ABŞ-da təhsil ala bilər - MÜSAHİBƏ

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-cü ilin martından indiyə kimi Elm və Təhsil Nazirliyinə 500-ə yaxın müraciət daxil olub, 260 müraciətçinin ərizəsi təsdiqlənib. Bunu Anews.az-a verdiyi müsahibəsində proqramın idarəetmə qrupunun rəhbəri Turan Topalova bildirib. 


"Gün ərzində təxminən 20 gənci müsahibədən keçiririk. Keçən il müraciət edənlərin sayı 600-dən çox olub. Ötən il proqramın müddətini 3 dəfə uzatdıq. Sənəd qəbulu iyunun 15-dək davam edir.Artıq 500-dək müraciətin daxil olması proqrama marağın ilbəil artmasından xəbər verir”, - Topalova bildirib. 


Onun sözlərinə görə, "Xaricdə Təhsil Dövlət Proqramı" çərçivəsində  hər il 400-dək gəncin təhsil alması nəzərdə tutulur. Bunlardan 80-i bakalavr, 320 yer isə magist təhsili üçün ayrılıb. İyunun 15-ə kimi nəzərdə tutulan 400 yer dolmasa, proqramın iyuldan uzadılması planlaşdırılır. 


"İlk seçilənlərin adlarının  iyul ayında elan etməyi planlaşdırırıq. Həmin nəticələrdən sonra boş yer qalarsa biz sənəd qəbulunun vaxtını uzatmağı düşünürük”,  - Topalova vurğulayıb. 


Proqrama baş vuran namizədlərin seçimi müsahibə əsasında keçirilir. Müsahibələrdə şəxsən iştirak etdiyini bildirən Turan Topalova bildirir ki, qiymətləndirmə 3 istiqamət əsasında aparılır. Bura tədris almaq istədikləri bilik, özünü inandırmaq və məntiqi mühakimə yürütmək bacarıqları daxildir. 


"Bəzən olur ki, proqram iştirakçısı müsahibə zamanı keçid balı olan 40 balı yığa bilmir. Bəzən tələbə sahəsi üzrə oxumaqla bağlı heç bir məlumatı olmur. Sadəcə istəyir ki, oxusun. Müsahibə zamanı məlum olur ki, tələbənin o sahədən anlayışı yoxdur. Xaricdə əksər universitetlər sənədlər üzərində qəbulu həyata keçirir və tələbənin bacarıqlarından xəbərsiz olur. Bizdə müsahibə zamanı müəyyən etmək olur ki, bu tələbə hansı bacarıqlara malikdir. Tələbənin tədris almaq istədiyi dili bilməsi vacibdir Fikrini çatdıra bilməyən tələbə nüfuzlu universitetlərdə oxuyarkən çətinlik çəkəcək. Bu isə o deməkdir ki, imtahanları tələbə verə bilməyəcək  və  kəsiri yaransa onun təhsilinin maliyələşməsi dayandırılacaq”,  - Topalova bildirib. 


 Həmçinin söylyib ki, proqrama ancaq xarici universitetlərdən təsdiqlənmiş qəbul alan tələbələr yararlana bilər. 


"Amma bəzi hallarda universitetlər son qəbulu vermək üçün valideynlərdən depozit ödəməyi tələb edir. Ancaq depozit tələbi hallında son qəbulu almayan tələbələri müsabiqəyə buraxırılıq”,  -  Topalova vurğulayıb.


Xaricdə təhsilini başa vuran tələbələr ölkəyə qayıdır



Proqramın şərtlərinə görə, təhsilini bitirdikdən sonra məzunlar ölkəyə qayıdıb  5 il əmək fəaliyyəti ilə məşğul olmalıdır. 


2007-ci ildə bu proqram qəbul ediləndə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, "dünyanın aparıcı universitetlərini bitirdikdən sonra məzunlar oxuduqları ölkələrdə qalsalar belə Azərbaycan hökuməti buna etiraz etməyəcək. Çünki ölkənin onu xaricdə təmsil edən güclü diasporaya ehtiyacı var”. 


Turan Topalova bildirib ki,  proqram daxilində təhsil alan və ölkəyə qayıtmaq istəməyən tələbəyə hələ rast gəlməyib. Amma belə hal olarsa bu məsələ fərdi qaydada araşdırıla bilər. 


«Tələbə özü qayıtmaq istəmədiyi halda biz bu məsələyə baxa bilərik. Təcrübəmizdə elə hal olmayıb. Olsa bu məsələyə baxılacaq. Amma istəyərik ki, qayıtsınlar. Çünki ölkənin bu gənclərə ehtiyacı var », - Topalova vurğulayıb. 


Onun sözlərinə görə,  Azərbaycana artıq məzun olan 116 nəfər qayıdıb və onların 80%-i işlə təmin edilib. 


"İş axtarışında olan gənclər üçün də müəyyən qədər təşviqedici tədbirlər icra olunur ki, onlar bu imkandan yararlansınlar. Onların işlə  təminatı Dövlət Proqramının şərtlərinə daxil olmasa da bu yaxınlarda böyük bir karyera sərgisi keçirtdik.  109 məzunumuz prosesdə iştirak etdi.Sərgidən sonra da məzunlarımız işlə təmin olunub. Hansısa quruma zəng edib işlə təmin edin deməklə bağlı öhdəliyimiz yoxdur. Sadəcə onlar üçün işləmək istədikləri yerə referans veririk”,  - Topalova əlavə edib. 


Tələbələr 15 ixtisas üzrə xaricdə təhsil ala bilər


Proqram çərçivəsində Azərbaycan vətəndaşı olan gənclərə 15 ixtisas üzrə təhsil almaq imkanı yaradılır. 


Turan Topalova bildirib ki, gənclər daha  çox informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisaiyyat və təhsilin təşkili ixtisasları üzrə xaricdə təhsil almağa üstünlük verirlər. Ən az maraq isə kənd təsərrüfatı ilə bağlı ixtisaslaradır. 


O həmçinin ixtisaslar siyahısına salınmayan "jurnalistika” ixtisası üzrə də təhsilin proqram çərçivəsində maliyyələşdirilməsinin mümkün olduğunu istisna etməyib.


"Hər il ixtisaslarla bağlı yanaşmaya müəyyən əlavələr olur.İlk qəbulda yalnız siyahını əsas götürərək qəbul həyata keçirirdik. İkinci qəbulda universitetlər üzrə reytinq cədvəllərində ilk 10-luqda olan universitetlərdən qəbul alan istənilən şəxs, istənilən ixtisas  üzrə müraciət edə bilər. Bu baxımdan jurnalistlər üçün də bu imkan var. Burda hər hansı bir limitləmə yoxdur. Bu ildən mədəniyyət və incəsənət üzrə də təhsil almaq istəyənlər gənclərə şərait yaradılıb”,  - Topalova bildirib. 


Bakalavrlar da ABŞ-da təhsil ala bilər



"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın ilk ilində bakalavr pilləsində təhsil almaq istəyən namizədlərə ABŞ və Kanada universitetlərində təhsil almaq imkanı yaradımışdı. Proqramın ikinci ilindən başlayaraq isə bu universitetlərin adları siyahıdan çıxarılıb. 


Turan Topalova bildirib ki, ilk onluğa daxil olan Amerika universitetlərində bakalavr pilləsində də proqram çərçivəsində  təhsil almaq olar. 


"Hesab etmirəm ki, Amerika və Kanadanı sıfırlamışıq olduq. Dünyanın ən yaxşı universitetlərində təhsil almaq istəyən tələbələr üçün istər magistr,  istərsə də  bakalvr təhsili üçün şərait yaradılır. İlk top 10-luqda olan ABŞ universitetlərinə qəbul varsa biz onları qəbul edib dəyərləndiririk. Dünyanın reytinqli univesitetləri sırasında ABŞ öndə gedir. Hazırda 46 tələbə dünyanın ilk TOP 10 universitetində təhsil alır. Əksəriyyəti ABŞ universitetlərdir. Bu il üçün 1 aya yaxın vaxtımız var. Artıq  həm bakalavr, həm də magistr təhsili üzrə 80-ə yaxın TOP universitet üzrə müraciət mövcuddur”,  -  Topalova bildirib.  


Onun sözlərinə görə,  Azərbaycan gəncləri əsasən Böyük Britaniya, ABŞ , İtaliya, Türkiyə və Almaniya universitetlərində oxumağa üstünlük verirlər. Bütövlükdə isə onlara 30 yaxın ölkənin 100-dən çox universitetində dövlət hesabına təhsil almaq imkanı yaradılıb. 


2022-ci ildə  371, 2023-cü ildə isə 381 nəfər adı çəkilən proqram çərçivəsində təqaüd qazanıb. Proqram çərçivəsində təqaüdçülərin təhsilinin maliyyələşməsi Azərbaycanın Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Bu gənclərin xaricdə təhsil almalarına imkan verən sayca ikinci proqramdır. 




Hazırki proqram da Prezident İlham Əliyevin 2022-cü il fevralın 28-də verdiyi sərəncam əsasında fəaliyyət göstərir. 


Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM