Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov görüşüb.Gün.Az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində keçirilmiş görüşdə Azərbaycan alimlərinin I qurultayının birgə təşkili ilə bağlı müzakirə aparılıb.Söhbət zamanı A.Əlizadə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və müxtəlif elmi-innovativ təşəbbüslərin əlaqələndirilməsi baxımından qurultayın keçirilməsinin zəruriyyətindən danışıb. O bildirib ki, dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə siyasəti AMEA qarşısında müəyyən vəzifələr qoyur. Akademiyanın qurultayla bağlı təşəbbüsü məhz həmin vəzifələrin icrası ilə əlaqədardır.N.İbrahimov AMEA rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirərək qurultayın təşkilinin önəmliyini vurğulayıb. O, komitənin dünya azərbaycanlıları ilə iş üzrə təcrübəsinə əsaslanaraq qeyd edib ki, qurultayın təşkili çərçivəsində müvafiq ictimai birliyin təsis olunması məqsədəuyğundur. Bu, dünyadakı alim soydaşlarımızın təşkilatlanması üçün də faydalı ola bilər.Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və DİDK aparatının rəhbəri Nəriman Qurbanov da iştirak ediblər. Qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət etmək nəzərdə tutulur. 2014-cü il aprel ayının ortalarında keçirilməsi nəzərdə tutulan tədbirə xarici ölkələrdən 200-ə yaxın azərbaycanlı alimin cəlb olunması fikri irəli sürülüb.
Bizi sosial şəbəkələrdə izləyin !