Bu gün Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı işə başlayıb.
«APA-Economics»in məlumatına görə, builki konfransının mövzusu «MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsası»dır.
Konfransda salamlama nitqi ilə çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bəyan edib ki, bu konfrans MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, ümumilikdə iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək. O, hazırda Birlik ölkələri arasında ticarət-iqtisadi əlaqələri yüksək qiymətləndirərək bildirib ki, bu il ərzində MDB ölkələri arasında ümumi ticarət dövriyyəsi 1,2 trln. ABŞ dollarından artıq olub. Həmçinin, MDB məkanında iqtisadi əməkdaşlıq üçün potensial böyükdür və indiki tədbir onun reallaşmasına dəstək olacaq.
MDB Maliyyə-bank Şurasının vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev isə çıxışında konfransın iri miqyasını qeyd edərək bəyan edib ki, konfrans Birlik məkanında iqtisadi inteqrasiya və əməkdaşlığı daha da dərinləşəcək.
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxışında ilk növbədə vurğulayıb ki, böhran və post-böhran şəraitində qarşılıqlı etimadın azalması baş verir və bunun nəticəsində maliyyə-bank sistemlərinin əməkdaşlığının dərinləşdirilməsi zəruri olur. Böhranla bağlı tənzimləyici orqanların rolu barədə danışan R.Orucov qeyd edib ki, AMB-nin gördüyü lazımi tədbirlər nəticəsində milli bank sektorunda hər hansı ciddi gərginlik baş verməyib, sektorda davamlı artım müşahidə olunur. Belə ki, böhran və post-böhran dövründə bank aktivlərinin ortaillik artım tempi 16% təşkil edib, məcmu kredit portfeli isə 20% artıb. Xüsusən bildirilib ki, Azərbaycan bank sektorunda hətta böhran dövründə depozitərin artımı baş verib və bundan başqa vacib məqam kimi kapitalın adekvatlığının dünya normaları və AMB-nin normativlərindən artıqdır və 18%-ə bərabərdir. R.Orucovun sözlərinə görə, hazırda dünyada tənzimləyici orqanlar tərəfindən maliyyə-bank sektoru ilə işin qurulması prinsiplərinin dəyişməsi zəruridir və AMB artıq bankarla işini permanent və qabaqlayıcı tədbirlər əsasında qurur.
Konfransın ilk günündə MDB ölkələrinin maliyyə-bank sistemlərinin dayanıqlı inkişafı resursları, maliyyə inteqrasiyasının üstünlükləri, maliyyə sektorunun investisiya cəlb etmək imkanları, MDB-nin maliyyə institutlarının region və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq perspektivləri, maliyyə bazarlarının inteqrasiyasında mərkəzi bankların və inkişaf institutlarının rolu, vahid ödəmə məkanın yaradılması, pərakəndə kreditləşmənin inkişaf tendensiyaları, fiziki şəxs olan borcalanların müflisləşmə riskləri və s. mövzular üzrə müzakirələr aparılacaq.
Konfrans noyabrın 16-da işini tamamlayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !