Bakıda bu gecə daha bir yeni doğulan körpə öldü

16:00 | 08.12.2013
Bakıda bu gecə daha bir yeni doğulan körpə öldü

Bakıda bu gecə daha bir yeni doğulan körpə öldü

Bu gecə Bakıda daha bir körpə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə dekabrın 5-də dünyaya gələn körpə Astoriya Tibb Mərkəzində qəfildən dünyasını dəyişib. 

Bu barədə məlumatı ANS PRESS-ə körpənin yaxınları verib. 

Uşağın yaxınları ölümdə həkimi təqsirkar bilirlər. Deyilənlərə görə, körpənin anası Cəfərova Könül normal hamiləlik keçirib və uşaq sağlam doğulub. Vaxtlı-vaxtında bütün analizlərin verildiyini deyən yaxınlarının sözlərinə görə, uşağın iki gün sonra dünyasını dəyişməsi müəmmalıdır: “Meyiti hələ də bizə verməyiblər. Xəstəxanadan uşağının ürəyinin dayanmasını mikrobla əlaqələndirirlər, əgər mikrob var idisə, niyə bu hamiləliyi vaxtında dayandırmadılar?.

Ailə üzvləri hamilə qadının Respublika Perinatal Mərkəzin həkimi Rəhilə Mustafayeva tərəfindən nəzarətdə olduğunu deyiblər. Lakin dekabrın 5-də doğuş sancısı başlayan qadını həkim Astoriya Tibb Mərkəzinə aparıb. Yaxınları niyə Perinatal Mərkəzə deyil, məhz özəl klinikada doğuşun həyata keçirildiyini anlamadıqlarını deyirlər.

Məsələyə aydınlıq gətirmək üçün Respublika Perinatal Mərkəzinin həkimi Rəhilə Mustafayeva ilə əlaqə saxladıq. R. Mustafayevanın ANS PRESS-ə verdiyi açıqlamada özünündə körpənin dünyasını dəyişmə səbəbini anlamadığını deyib. “Körpə tamamilə sağlam doğulub. Hamiləlik normal keçib. 3 kilo 900 qram çəkisi olan uşaq həm də çox aktiv uşaq idi. Doğulandan sonra bütün analizlər edilib. Ciyərləri, ürəyi yoxlanıb, hər şey normal olub. Doğulandan sonra süd də əmib. Lakin bu gecə saat 03:00-də vəziyyəti pisləşib. Nədən dünyasını dəyişdiyi meyid yarılandan sonra bilinəcək”.

Mikrob barədə iddialara cavabında isə o,bu versiyaya o qədərdə inanmadığını deyib. “Mikrob hamıda olur, mən deməzdim ki, körpə mikroba görə ölüb. Əgər hamiləlik normal keçməsəydi düşük olardı, uşaq normal doğulmazdı. Lakin ananın hamiləliyin son aylarında şəkəri qalxırdı. Mən onu endokrinoloqa göndərdim. Endekrinoloq onda heç bir problem olmadığını deyib. Şəkərin tez-tez yüksəlməsinin də buna təsiri ola bilər. Hər şey körpənin meyidi yarılandan sonra məlum olacaq”.

Doğuşun Perinatal Mərkəzdə deyil, özəl Tibb Mərkəzində keçirilməsinə gəlincə, həkim bildirdi ki, o, noyabrın 29-dan məzuniyyətdədir və məzuniyyətdə olduğuna görə, orada doğuş qəbul edə bilməz. Buna görə də xəstənin yaxınları ilə danışaraq onlara məzuniyyət müddətində işlədiyi Astoriya Tibb mərkəzini təklif edib. 

Xatırladaq ki, körpənin meyidi dekabrın 9-da Mərkəzi klinikada yarılacaq. Bu ananın ikinci hamiləliyidir. 29 yaşlı K. Cəfərovanın birinci uşağı da ötən il doğulandan bir neçə gün sonra dünyasını dəyişib. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM