İlham Əliyev Boyükşor gölünün taleyindən danışdı “Biz bu aydan başlayaraq “Avro-4” standartına keçmişik. Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. Burada “Avro-4” standartının tətbiq edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır”. “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bazar günü keçirilən iclasında deyib. İ. Əliyev bildirib ki, Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur, tikiləcək: “Ancaq bu, vaxt aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra bilərik.Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.Birinci mərhələdə gölün Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !