Mütəxəssislər maraqlı məqamları iştirakçılarla bölüşüblər.
Elektron Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə 20 fevral tarixində keçirilən zirvə toplantısında bankların taksit kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar ediblər.
Oxu.Az xəbər verir ki, çıxışçıların təqdimatları iştirakçılar tərəfindən maraqla dinləndikdən sonra eTicarət haqqında suallar verilib. "eTicarət Zirvə Toplantı”sı müzakirələr, proqnozlar və fikir mübadiləsi formatında keçirilib.
Tədbirdə bank sektorundan "Albalı Kart” Meneceri Çingiz Abbasəliyev, "YapıKredi Bank Azərbaycan”-ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, "Kapital Bank” Rəqəmsal Marketinq Şöbəsinin müdiri Rəşid Salehov, "Millikart” Ödəmə Sisteminin marketinq direktoru Nigar Rüstəmzadə öz çıxışlarında taksit kartlarından, ödəmə sistemlərindən və eTicarətin banklar üçün əhəmiyyətindən danışıblar.
İkinci panel zamanı çıxış edənlər, Shopera.az-ın təsisçisi və rəhbəri Rəşad Camal, Gozelevler.com-un həmtəsisçisi Günel İsmayılova və "Mobile Payment Systems” MMC-in biznesin inkişafı üzrə direktoru Nigar Axundova elektron ticarətin Azərbaycandakı vəziyyətini, real praktikanı və digər maraqlı məqamları iştirakçılarla bölüşüblər.
Sonuncu paneldə isə "Baku Electronics” marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov, "İdeal Parfumeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin marketinq şöbəsinin müdiri Rafiq Vəliyev, "Rahat Marketlər Şəbəkəsi”-in marketinq müdiri Kənan Şirinov, "Sinteks” qrupun marketinq meneceri Anar Heydərov və pərakəndə və xidmət sahələri üzrə biznes konsultant Tural Abdullayev offlayndan-onlayna keçiddən, alıcı istəklərindən və elektron ticarətin günümüzün trendinə çevrildiyindən danışıblar.
Tədbirdə çıxış edənlərin arasında KapitalBank-ın marketinq direktoru Vüsal Nağıyev, Qafqaz Universiteti Texnoparkının direktoru İsa Qasımov, və bu sahədə çalışan digər mütəxəssislər də olub.
Təşkilatçıların sözlərinə görə, ilk dəfə təşkil olunmuş "eTicarət Zirvə Toplantı”sının ənənəvi xarakter alaraq növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !