Bakının yaşayış təyinatlı daşınmaz əmlak bazarında ümumi təklif 2 069 ədəd təşkil edib.Bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə 12,07%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə 28,45% az olub. Bakının torpaq və mənzil bazarını araşdıran “MBA Consulting Group”dan “APA-Economics”ə verilən məlumata görə, bazarda hesablanmış orta qiymət isə mart ayı ərzində 2,06% artaraq 1992 $/kv. m-dən 2033 $/kv. m-ə qədər yüksəlib. Ümumən bazarda ötən aya nisbətən bu ay qiymətlərin artması ilə yanaşı təklifin sayının azalması müşahidə edilib. Əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində "Sovetski" adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırmaq olar. 1500-2000 ədədə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar. Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 44,87%-dən 3,28% artaraq 46,34%-ə düşüb, ucuz evlərin payı isə 2,67% azalaraq 55,13%-dən 53,66% olub. Bazarda alqı-satqı əqdlərinin artması, ümumi təklif portfelinin və əmlakın ekspozisiya müddətinin azalması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq 86 gün təşkil edib. Sözügedən ayda daimi struktur ilə qiymət artımı dəyişən struktur ilə qiymət artımını üstələyib. Mənzil bazarında dəyişən struktur ilə qiymət indeksi ay ərzində 2,03% artaraq 9.03, daimi struktur ilə isə 5,18% artaraq 9,14 bəndində qərarlaşıb. Qiymət indeksinin daimi struktur ilə dəyişən strukturua nisbətən son ayda çox olması, köhnə tikililərin qiymət artım tempinin daha çox olması ilə izah olunur. Bu ilin mart ayı ərzində təkrar bazarda 2069 ədəd yaşayış mənzili satışda olub və təklif portfelinin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub. Təklif portfelində mərkəzi rayonlar, mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Uyğun olaraq bazarın layihələr üzrə bölgüsündə də yerdəyişmələr görsənməkdədir. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “alman”, "eksperimental" “kiyev” “stalinka” və “xruşovka” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı azalma əsasən büyün növ mənzillərin payına düşüb. Satışı heç də 3 otaqlı mənzillərdən geri qalmayan 2 otaqlı mənzillərin təklif sayında isə azalma daha çox müşahidə olunub. Nəticədə olaraq isə bütün mənzillərin payında azalma müşahidə olunub. Ay üzrə orta qiymətlərdə və qiymət indeksində artım müşahidə edilib. Orta qiymət mart ayı ərzində 2,06% artaraq 1992 $/kv.m-dən 2033$/kv.m-ə qədər yüksəlib. Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ay ilə müqayisədə 1,51%, ucuz evlərin qiymətləri isə 1,17% artımla yadda qalıb. Ay ərzində moda 2000 $/kv.m-dən 2548$/kv.m-ə və median isə 1930 $/kv.m-dən 3,01% artaraq 1988 $/kv.m təşkil edib. Göründüyü kimi, qiymət strukturunda ağırlıq mərkəzi yuxarı istiqamətdə dəyişib. Bazarda qiyməti 85-95 min ABŞ dolları arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,5% -ə malikdir. Mənzillərin orta otaq sayı 2,5, hər otağın orta satış qiyməti 68 448 ABŞ dolları, mənzilin orta qiyməti 171 119 ABŞ dolları, daimi struktur ilə isə 132 160 ABŞ dolları təşkil edib. Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi artım müşahidə edilib. Bunu son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda satışın artması, uyğun olaraq əmlakın ekspozisiya müddətinin azalmasına səbəb olub. Ötən ilin sonundan davam edən qiymət artımı bu ilin mart ayında da qeydə alınıb. Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərəçarpacaq qiymət artımı olmadığı halda daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !