"MBA Group" konsaltinq şirkəti Bakının təkrar mənzil bazarı ilə bağlı hesabatını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, bildirilir ki, bu ilin aprelində mənzil bazarında tələbat düşüb. Təkrar mənzil bazarında təkliflərin sayı 1726 olub. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 18,7 faiz, 2015-ci ilin mart ayına olan göstəricidən isə 1,47 faiz azdır.
Paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında ən çox təklif qeydə alınıb. Bu rayonların payına ümumi təklifin 66,8 faizi düşüb.
Bakının təkrar mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti mart ayı ilə müqayisədə 6,12 faiz azalaraq 1770 manat, xarici valyuta ilə qiyməti isə ay ərzində 5,96 faiz azalaraq 1689 dollar təşkil edib. Müqayisə üçün deyək ki, Bakıda 2015-ci ilin mart ayında təkrar mənzilin bir kvadratmetrinin qiyməti 1886 manat (1 796 dollar) olub.
Hesabatda deyilir ki, martda təkrar mənzil bazarında qiymətlər 14 faiz artdığı halda, apreldə 6,12 faiz aşağı düşüb. Bu, fevralda baş verən devalvasiya ilə əlaqədardır. Bir çoxları əmanətlərini daşınmaz əmlaka yatırıblar ki, bu da bazarda qiymət artımına səbəb olub.
Əhalinin alıcılıq qabiliyyəti də həmin ayda aşağı düşüb. Bu da apreldə qiymətlərin düşməsinə səbəb olub. İkinci səbəb odur ki, paytaxtdakı mənzillərin qiyməti pik həddinə çatıb, indi isə tədricən düşməyə başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !