Okyabrın 28-də Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı və Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes forumunda Azərbaycanda maliyyə-bank sektorunun sabit inkişafı, dünya bazarlarında əsas istiqamətlər və onların ölkənin bank sisteminə təsiri mövzuları müzakirə olunub.Biznes forumda çıxış edən Azərbaycanın Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov biznes-hakimiyyət dialoqunu təşkil etdiyi üçün Caspian European Club-a təşəkkür edib. Onun sözlərinə görə, Caspian European Club çərçivəsində bu cür görüşlərin keçirilməsi, dövlət qurumları və özəl sektor arasında daha sıx əməkdaşlığın yaranmasına, bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafına yol açır.Elman Rüstəmov Azərbaycanın Mərkəzi Bankının fəaliyyəti barədə ətraflı məlumat verərək, maliyyə-bank sektorunda dövlət siyasətinin əsas məqamlarını açıqlayıb.Onun sözlərinə görə, dövlət ölkədə tətbiq olunan iqtisadi strategiyanı, xüsusi ilə qeyri-neft sektorunu diqqətlə monitorinq edir. O, Azərbaycanda maliyyə-bank sisteminin inkişafı, bankların fəaliyyətində mövcud problemlər və sözügedən sektorun gələcək inkişaf perspektivləri barədə ətraflı danışıb.Onun sözlərinə görə, inkişaf dinamikasına görə, Azərbaycan iqtisadiyyatı olduqca maraqlıdır və bir çox maliyyə institutlarının diqqəti mərkəzindədir. Onları Azərbaycan fenomeni, iqtisadiyyatın sabit inkişafı maraqlandırır, deyə, ölkənin əsas bankının rəhbəri bildirib. Elman Rüstəmov biznes forumda çıxışı zamanı bank sahəsində əsas inkişaf göstəriciləri açıqlayıb. O hesab edir ki, dövlətin siyasəti neft gəlirlərinin iqtisadiyyatın qeyri-neft sahələrində ən effektli formada kapitallaşdırmaqdan ibarətdir.Görüşdə Azərbaycanın maliyyə-bank sistemi, bu sahə üzrə qanunvericilik, eyni zamanda Caspian European Club şirkətini maraqlandıran məsələlər müzakirə olunub.Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev Elman Rüstəmova tədbirdə konstruktiv dialoqa, iştirakçıların səsləndirdiyi təklif və xahişlərə ayırdığı diqqətə görə təşəkkür edib.O, noyabrda Tbilisidə keçiriləcək II Beynəlxalq Caspian Energy Forum – 2014 barədə məlumat verib. Onun sözlərinə görə, konfransın bir gün ərzində keçirilməsi və iki hissədən ibarət olacağı nəzərdə tutulub. Birinci hissədə neft-qaz sahəsinin inkişafı, enerji və ekologiya məsələlərinin müzakirə olunacağı planlaşdırılıb. Tədbirin ikinci hissəsi çərçivəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək.O qeyd edib ki, Caspian European Club-un əsası Caspian Energy International Media Group və xəzər - qaradəniz regionlarında çalışan bir sıra iri neft və qaz şirkətlərinin iştirakı ilə 2002-ci ilin iyun ayında qoyulub. Caspian European Club-un sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir.T.Əliyevin sözlərinə görə, Caspian European Club yarandığı gündən neft sahəsindən əldə olunan gəlirin qeyri-neft sektoruna sərməyələşdirilməsinə vasitəçilik edib. Dünyanın 50 ölkəsi və 5 mindən artıq şirkət və təşkilatlarını öz sıralarında birləşdirən Caspian European Club, dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində aktiv işlər görür.Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmova Caspian European Club-un fəxri üzv sertifikatı təqdim olundu. Eyni zamanda Caspian European Club-a yenicə qoşulan şirkətlərə də sertifikat təqdim olunub. Caspian European Club-un təşkil etdiyi görüşdə Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra şirkət və diplomatik qurumların rəhbərləri də iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !