Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, GT3 avtomobil yarışının üçüncü seçim turu mərhələsinin başlanmasına start verdiyi üçün paytaxtın Neftçilər prospektində “Azneft” dairəsindən Bayraq meydanı istiqamətində, həmçinin “20-ci sahə” dairəsindən və Bakı-Salyan şosesinin 14-cü km-liyindən Bayraq meydanı istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.
Keçirilən seçim turu mərhələsi iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhalinin, avtomobil sahibləri və sürücülərin, xüsusilə paytaxt istiqamətində bölgələrdən, eləcə də, paytaxtdan bölgələr istiqamətinə hərəkət edənlərin nəzərinə çatdırılır ki, keçirilən tədbirin beynəlxalq xarakterli, ölkə əhəmiyyətli olduğu nəzərə alınaraq, alternativ yollardan istifadə etsinlər.
Keçirilən avtomobil yarışını izləyəcək şəxslərin daşınması metronun “İçərişəhər ”, “Elmlər Akademiyası”, “Sahil” stansiyalarından, eləcə də “Azneft” dairəsindən, Milli Parkdan, Səməd Vurğun bağının qarşısından ayrılan xüsusi avtobuslarla təmin ediləcək.
APA