Bu gün Azərbaycanın “Online fikir bankı” layihəsinin təqdimatı keçiriləcək.
Gənclər Fondunun mətbuat xidmətindən ANN.Az-a verilən xəbərə görə, layihə “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə və “İKT ili” tədbirləri çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Əsas məqsəd gənclərin innovativ və kreativ potensialını ölkənin inkişafına yönəltmək, gənclərə təşəbbüslərini təqdim etmək imkanı yaradaraq onların bu bacarıqlarını stimullaşdırmaq, yeni ideyaların müzakirəsi və istifadəsi məqsədi ilə müəllif, ekspert və istifadəçilər üçün vahid virtual məkan yaratmaqdır.
Qeyd edək ki, layihə 3 komponentdən ibarətdir:
1) http://www.fikirbanki.az saytının yaradılması və gündəlik işinin təmin edilməsi;
2) geniş gənclər kütləsini yeni ictimai əhəmiyyət kəsb edən rasional ideyaları təqdim və müzakirə etməyə cəlb etmək;
3) ekspert və yeni ideyaların potensial istifadəçilərini (dövlət qurumları, özəl sektor, ictimai təşkilatlar) gənclərin təşəbbüslərinin qiymətləndirilməsinə cəlb etmək.
Saytda hazırda 12 əsas istiqamət üzrə ideyalar toplanır: Sosial xidmətlər, İqtisadiyyat, Təhsil, Media, Rabitə və telekommunikasiya, Tibb və sağlamlıq, Ətraf mühit, Milli-mədəni irs, Turizm, Mədəniyyət, Nəqliyyat və Əyləncə.
“Online fikir bankı”nda ideyalar öz müəllifini qazandırır. Veb-saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb və qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.
Ekspertlər ideyanın yeniliyini, orijinallığını, praktikliyini, tamlığını, tətbiqinin mümkünlüyünü, maliyyə tutumunu və s. indikatorlar üzrə qiymətləndirir.
ANN.Az