Ötən gün Bakıda daha bir qanlı hadisə baş verdi – 135 saylı marşrutda 8 yaşlı övladının gözləri qarşısında bir kişi öz arvadının başını kəsdi. İnformasiya baxımından bu kriminal xəbərdir. Amma fakta statistik yanaşılarsa, mütəxəssislər son zamanlar ictimai yerlərdə qadınlara qarşı zorakılığın artdığını deyə bilərlər.
Əvvəllər qadınlara qarşı zorakılıq ev, məhəllə sərhədindən kənara çıxmırdısa, son zamanlar ictimai yerlərdə bu kimi halların, hətta ölüm hadisələrinin şahidi oluruq. Bu kimi faktların daha geniş radiusu əhatə etməsinin, belə halların intensivləşməsinin səbəbləri nədir? Dövlət qurumları və QHT-lər bu problemin qarşısının alınması üçün hansı tədbirləri həyata keçirirlər və yaxud keçirməlidirlər? Qadınların öz hüquqlarını tələb etməməsinin əsas səbəbləri nədir?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və psixoloq Dəyanət Rzayev mövzu ilə bağlı fikirlərini ANN.Az-a bildiriblər.
Mehriban Zeynalova ANN.Az-a açıqlamasında bildirib ki, bu problemin əsas səbəblərdən biri insanlar arasında psixoloji gərginliyinin olması, insanların özlərini daha çox böhran və stress içərisində hiss etmələridir: "İnsanların bu cür problemlə rastlaşmasının əsas səbəbi televiziyada verilən filmlərdəki stressli vəziyyətlərin yaddaşlarda saxlanılmasıdır. Həmçinin belə hadisələr baş verəndə KİV-də bu halların geniş yayılması insanların bu cür aqressiv, əsəbi olmasına zəmin yaradan əsas amillərdəndir. Ailə münasibətlərinin gərginləşməsində müasir texnologiyanın da rolu danılmazdır. Bura "Facebook”, "İnstagram”, "Skype” kimi sosial şəbəkələr daxildir. Əksər kişi öz xanımının bu sosial şəbəkələrdən istifadəsinə dözmür, nəticədə ailədə münasibətlər gərginləşir”.
Birlik sədri onu da qeyd edir ki, bundan əlavə kişilərin öz həyat yoldaşlarına, yaxud ətrafdakı qadın qohumlara qarşı zorakılığın artmasının digər səbəblərindən biri etibarın, inamın itməsidir: "Əvvəllər qadın kişiyə güvənir, onu özünə arxa, dayaq hesab edirdisə, artıq demək olar ki, əksər ailələrdə kişiyə ancaq hədə- qorxu gələn birisi kimi baxırlar. Bunun əsas səbəbi qadının öz sözünü deməməsi, "ancaq kişi nə deyirsə, o edilməlidir” – prinsipinin keçməsi, qadının özünü kişidən daha aşağı səviyyədə göstərmədi”.
Qadına qarşı zorakılığın cəzasızlıqla nəticələndiyini önə çəkən Mehriban Zeynalova əlavə edib ki, 21-ci əsr olmasına baxmyaraq hələ də köhnə stereotiplər qabardılır: "Azərbaycan ailələrinin əksəriyyətində kişilər hələ də özlərini diktator kimi aparır və qadına qarşı zorakılığın cəzasızlığı mühiti yaradılıb. Köhnə stereotiplər daha çox qabardılır. Yəni köhnə, qadını aşağılayan qaydalar hələ də "qüvvədədir”. Qadınların belə hallarda ən böyük səhvlərindən biri öz hüquqlarını bilməməsi, qanunlara yaxşı bələd olmamasıdır. Yəni kifayət qədər aktiv olmamalarıdır. Bizim cəmiyyətdə zorakılığa məruz qalan qadınlar sonradan ona qarşı deyiləcək ittihamlardan qorxduqları üçün heç bir hüquqi səviyyədə öz hüquqlarını qoruya bilmirlər”.
Psixoloq Dəyanət Rzayev ANN.Az-a açıqlamasında Azərbaycan cəmiyyətinin boşanmış qadına birmənalı münasibət olmamasını qabardıb: "Hesab edirəm ki, qadına qarşı zorakılığın əsas səbəbi boşanmış qadınlara münasibətin pis olması ilə bağlıdır. Qadınlar boşanıb haqqında min bir sözün deyilməsindənsə, pis, zorakı kişi ilə bir evdə yaşamağı üstün tutur. Üstəlik yaxın qohum-ərqaba da qadına hər vaxt belə təzyiq edirlər ki, boşanmasınlar, yenə kişidir, başının üstündədir. Bu münasibət cəmiyyətdə kişilərin, necə deyərlər, daha rahat hərəkət etməsi üçün şərait yaradır. Səbəblərdən biri ictimai yerlərdə bəzi kişilərin xanımlara qarşı olan davranışlarının çox aşağı səviyyədə olmasıdır. Yəni kişi xanımı ilə ictimai yerdə necə rəftar edəcəyini bilmir”.
Cəmiyyətdə qadınlara qarşı sıxıntıların çox olmasından danışan psixoloq əlavə edib ki, bizim cəmiyyətdə qadın kişilərin çox olduğu bir işdə işləyəndə onu yaxşı qarsalamırlar: "Bizdə qadın niyə polis vəzifəsində çalışmır? Polis vəzifəsində çalışan qadınlar ancaq yazı-pozu işinə baxır. Bunun səbəbi nədir? Niyə bu fikirlər hələ də bizim cəmiyyətinin beynindən çıxmır?”
Qadın hüquqlarının pozulmasından söz açan psixoloq ifadə etdi ki, cəmiyyətdə qadın hüquqlarının qorunması ilə bağlı QHT-lər daha çox məşğul olurlar: "Amma eyni zamanda dövlət tərəfindən ən az maliyyələşdirilənlər də QHT-lərdir”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !