Bakıda xeyli sayda silah-sursat tapılıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Şəmsi Rəhimov küçəsi 54 ünvanında, zibil qutusunun içərisində xeyli sayda silah_susat aşkar edilib. Silahların zibil qutusunda tapılması, onların hər hansı bir terror dəstələrinə və ya terror məqsədilə istifadə olunacağına dair proqnozu sıfıra endirir. Amma heç bir ölkə terrordan sığortalanmadığı kimi, Azərbaycanda da son zamanlar müxtəlif qruplar arasında silahlı atışmalar vəziyyətin stabil olmadığının göstəricisidir. Bir neçə il öncə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hələ də yaddaşlardadır.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıl ANN.Az-a açıqlamasında tapılan silahların birmənalı şəkildə terrorla əlaqələndirilməsini, düzgün hesab etmədiyini bildirib.İ.İsmayıl açıqlamasında bildirib ki, bəzən hüquq-mühafizə orqanları özləri də belə profilaktik tədbirlər hazırlayırlar: “Bunu birmənalı şəkildə demək olmaz ki, silahlar hansısa terrorçu dəstəyə məxsus olub. Adətən, terror dəstələrinin silahları o şəkildə olmur. Qarabağ müharibəsi illərində əllərdə çoxlu silahlar var idi. Ola bilər ki, kiməsə məxsus olub və zibil qutusuna atmaq qərarına gəldiyindən, indi də müəyyən informasiya nəticəsində aşkara çıxıb. Məsələnin başqa tərəfi də ondan ibarət ola bilər ki, hüquq mühafizə orqanları, cinayət axtarışı ilə məşğul olanlar zaman-zaman belə profilaktik tədbirlər hazırlamaqla müəyyən müsbət təsir bağışlayırlar. Ona görə də birmənalı demək olmaz ki, silahlar terrorçu dəstəsinə məxsusdur. Adətən, terror dəstələri silahları kütləvi şəkildə bir yerdə saxlamırlar. Müxtəlif yerlərdə saxlayırlar ki, ələ keçiriləndə hamısı birdən aşkar olunmasın. Hüquq mühafizə orqanları əlavə məlumat versə, silahlara dair dəqiq proqnoz vermək olar”.
O, həmçinin əlavə edib ki, tapılan silahların fotolarına baxıb və desant qrupuna məxsus silahlar olduğu qənaətinə gəlib: “Silahların fotosuna baxdım, bu desant qrupuna məxsus silahlardı. Snayper tüfəngi də var, avtomatların əksəriyyəti isə qısa lüləlidi. Terror təşkilatlarına məxsus ola bilməz. Kimlərsə basdırıb ki, nə vaxtsa lazım olar, zaman keçib, xarab olublar, əlavə sorğu-sual olmasın deyə zibilliyə atıblar. Versiyanın biri də budur” – deyə İ.İsmayıl bildirib.
SeymurANN.Az