Bakıda türk sufi rəqs qrupunun konserti

18:18 | 21.12.2013
Bakıda türk sufi rəqs qrupunun konserti

Bakıda türk sufi rəqs qrupunun konserti

 Bakıda Konyanın “Səma Göstərisi” türk sufi rəqs qrupunun Həzrət Mövlananın 740 illiyinə və Seyid Yəhya Bakuvinin 550 illiyinə həsr edilmiş konserti olmuşdur.AzərTAc xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət şöbəsi, Bakıdakı Yunus İmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun və Qadınların “Lider” İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuşdur.Məlum olduğu kimi, 2013-cü ildə UNESCO Şərqin iki görkəmli filosofu və aliminin – Ruminin və Bakuvinin yubileylərini qeyd edir.Cəlaləddin Rumi XIII əsrdə Kiçik Asiya ərazisində yaşamış böyük sufi şairidir. Qədirbilən müasirləri onu özlərinin mənəvi müəllimi hesab edərək şairi Mövlana (“Ağamız”) adlandırmışlar. Rumi poeziyası 700 il bundan əvvəl olduğu kimi yaşayır və aktual əhəmiyyət kəsb edir. İnsanlar “Həqiqət dünyası bələdçisindən” əbədi suallarına cavab almaq üçün onun əsərlərinə dönə-dönə müraciət edirlər.Seyid Yəhya Cəlaləddin Bakuvi orta əsr Azərbaycan alimi, mütəfəkkiri, filosof-ilahiyyatçı, astroloqdur. Seyid Yəhya Bakuvinin Azərbaycan, fars və ərəb dillərində yazdığı 18 əsəri zəmanəmizədək gəlib çıxmışdır. Onun əsərləri əsasən ontologiyaya, etika məsələlərinə, Batiniyyənin öyrənilməsinə həsr olunmuşdur. Həmin əsərlər Türkiyənin İstanbul (“Muradiyyə” kitabxanası), Konya, Manisa şəhərlərində saxlanılır.Konya şəhərinin “Səma Göstərisi” türk sufi musiqisi ansamblı Bakıda ilk dəfə çıxış edir.1991-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi yanında yaradılmış bu ansambl Osmanlı dövrünün klassik türk, xüsusən sufi hərbi musiqi ənənəsinin davamçısıdır.Rəqs edən dərvişlər ordeninin əsası Konyada bütün dünyada Mövlana kimi tanınmış Cəlaləddin Rumi tərəfindən qoyulmuşdur.Tədbirin iştirakçılarını Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun salamlamışdır.Sonra dərvişlərdən bəhs edən sənədli film göstərilmişdir. Bunlar mənəvi saflaşma, kamilləşmə yoluna qədəm qoymuş insanlardır. Lakin bunun üçün onlar çətin məktəb keçməli, ciddi sınaqlardan çıxmalı, dörd anlayışdan – dünya-aləmdən, yalandan, israfçılıqdan və təkəbbürdən uzaq olmalıdırlar.Səhnədə mistik musiqi sədaları altında sirli rəqs ifa edən dərvişlər görünür. Bu, qeyri-adi tamaşa - incəsənətlə dinin üzvi birləşməsidir. Mistik sufi mərasiminin bir hissəsi olan ritual “Səma” rəqsi ən maraqlı rəqslərdən biri hesab edilir, burada hər bir hərəkətin, hər bir elementin öz mənası və rəmzi var.Bu rəqs dərin mənalı fəlsəfi bir rəqsdir. Daha doğrusu, rəqs məfhumundan daha geniş, sirli bir sənətdir. Ansambl 50 ölkədə bir çox konsertlər vermişdir.Gen qara geyimli dərvişlər sakitcə, yavaş addımlarla səhnəyə çıxırlar. Ansamblın musiqiçiləri çalğı alətlərini götürür, qalan dərvişlər isə döşəmədə əyləşirlər. İncə, qəmli musiqi sədaları altında uzun sürən mahnı ifa edilir. Birdən yerdə əyləşən kişilər ayağa qalxıb bir hərəkətlə əyinlərindəki qara örtüklərini yerə atırlar. Deyilənə görə, bu hərəkət ruhun azad olması, ali həqiqətin qavranılmasına hazır olma rəmzidir, gözqamaşdırıcı ağ geyim isə mənəviyyatın təmizliyinin təcəssümüdür.Nəhayət, onlar musiqiyə uyğun asta-asta fırlanırlar. Nə üçün məhz fırlanırlar? Bəlkə də həqiqət elə bu hərəkətdədir, axı yer öz oxu ətrafında fırlanır, gündüz gecəni əvəz edir...Lakin əvvəlcə onlar növbə ilə baş dərvişin əlini öpürlər. O da sanki xeyir-dua verərək onların papaqlarından öpür.Mərasim boyu dərvişlər bir neçə dəfə dayanıb sonra yenidən asta-asta səhnədə hərəkət edirlər.Mərasim rəqsində onların atdıqları hər bir addım sanki bu dünyada nəyinsə dərk olunduğunu, bir aydınlığı əks etdirirdi. Özünü qucaqlayan dərviş isə sanki bütün bəşəriyyəti ağuşuna alırdı.Rəqslərin hərəsi bir mərasim idi. Bu mərasim vasitəsilə onlar Uca Tanrı ilə ünsiyyət qururdular. Dərvişlər başlarını sağ çiyinləri üzərinə qoyaraq hər iki əllərini ərəb əlifbasındakı “lam” hərfi şəklində yuxarı qaldırırlar (bu zaman bədən “La ilahə illə Allah” duasını təsvir edir).Onlar fırlanmağa başlayır və tədricən sürəti artırırlar. Uzun ağ köynəklərin havada yellənən ətəkləri aerodinamik effekt yaradaraq onların sürətlə hərəkət etməsinə kömək göstərir və dərviş özünü daha yüngül hiss edir. Bunun həm də rəmzi mənası var, o, “dərvişin özündən çıxmasını” göstərir.Rəqs edənlərin hərəkətləri eyni cürdür, üzlərində heç bir ifadə, emosiya yoxdur. Lakin yellənən ağ ətəklərlə bir yerdə fırlanma və səlis melodik türk musiqisi ovsunlayıcı təsir bağışlayır: onlarla birlikdə tamaşaçı da “özündən uzaqlaşıb” gördüyü və eşitdiyi aləmə qovuşur.Dərviş – zahid, sufizm tərəfdarı, loğman, cismə və ruha şəfa verən deməkdir. Dərviş təliminin əsasını insanın Allahla fərdi ünsiyyəti ideyası təşkil edir. Dərviş cəmiyyətləri təkcə Türkiyədə deyil, Pakistanda, Hindistanda, İndoneziyada, İranda, bəzi Afrika ölkələrində vardır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM