Bu gün Bakı Ekspo Mərkəzində XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransı başlayıb. APA-nın verdiyi məlumata görə, sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Bundan başqa, dövlət başçısı sərgi və konfrans iştirakçılarına və qonaqlama salamlama məktubu da göndərib. Energetika Nazirliyi və ARDNŞ-in dəstəyi, “İTE Group Pic” və “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi və konfransda yüksək səviyyəli qonaqlar arasında Böyük Britaniya baş nazirinin Azərbaycanda ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyə nəqliyyat nazirinin müavini Firudun Bilgin, Enerji Xartiyasının baş katibi Urban Rusnak, Bolqarıstan Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, Robert Dadli, BP şirkətinin baş icraçı direktoru Daniel Ştayn, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə baş məsləhətçisi də var. Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə, sərginin bütün ekspozisiyası üzrə artım 100 faizdir. Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanılması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri tematik bölmələrindən ibarətdir. Sərgi çərçivəsində BP şirkəti və şirkətin “Azəri-Çıraq-Günəşli” (AÇG), “Bakı-Tbilisi-Ceyhan” (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşları tərəfindən “Alıcı ilə tanış ol” şüarı altında tədbir keçiriləcək. Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təminat, tullantıların toplanılması və utilizasiyası, müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşan yerli şirkətlər iştirak edəcək. İyunun 4-də isə Bakı Ekspo Mərkəzində “İntertech Corporation” şirkətinin “Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar” mövzusunda seminarı keçiriləcək. İyunun 5-də Bakı Ekspo Mərkəzində “Youth inc” proqramının iştirakçıları üçün master-klass keçiriləcək. Proqramın məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışın inkişafı və gənclərin öz bizneslərini yaratmalarına dəstək olmaqdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !