Azərbaycanda 2012-ci ildən başlayaraq müasir ünvan sisteminin tətbiqi və yeni qaydalarla ünvanvermə işləri həyata keçirilir.Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu il martın 1-dən etibarən Bakının Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Yeni ünvan sistemi vətəndaşların istənilən vaxt ünvanları rahat və tez tapa bilməsini təmin edir. Yeni qaydalara əsasən, binanın hər girişinə ayrıca ünvan verilir.Yeni ünvan sistemində məlumatlar daha təfərrüatlıdır. Belə ki, lövhədə hər bir mənzilin nömrəsi, onun hansı mərtəbədə yerləşməsi də qeyd olunacaq, küçə və prospektlər kodlaşdırılacaqdır. Sənədlərdə küçə və prospektin adı ilə yanaşı, kodlaşmış nömrəsi də göstəriləcəkdir. Küçənin adı dəyişdiyi təqdirdə kod dəyişməyəcəkdir.Yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakının 1325, Sumqayıtın 69, Gəncənin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib. Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir. Hazırda komitə tərəfindən küçə və prospektlərdə, park və xiyabanlarda yeni dizaynda informasiya lövhələri və istiqamət qurğuları yerləşdirilir. Paytaxtın 130 küçə və prospektindəki daşınmaz əmlak obyektlərində giriş və ünvan lövhələri quraşdırılmışdır. Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında ünvan lövhələrinin quraşdırılması yekunlaşıb.Park informasiya lövhələri hazırlanarkən onların quraşdırıldığı ərazinin və məkanın xüsusiyyətləri, memarlıq tələbləri, ölçü mütənasibliyi və baxış məsafəsi kimi amillər nəzərə alınıb. Parklarda, xiyabanlarda quraşdırılmış informasiya qurğuları və lövhələri, yol ayrıclarında qoyulan ünvan istiqamətləndiriciləri özündə Azərbaycan və ingilis dillərində məlumatları əks etdirir.//AzərTAc
Bizi sosial şəbəkələrdə izləyin !