Bu gün Nizami rayonunun bir qrup sakini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət ediblər və polis əməkdaşlarının keçirdikləri reydlərə etiraz edərək öz avtomobillərini yaşadıqları evin yanında saxlaya bilməmələrindən şikayətləniblər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Bölmə rəisinin sözlərinə görə, bu gün paytaxtda yol polisi əməkdaşları tərəfindən dayanma, durma, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolların hərəkət hissəsində ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissələrinə yaxın məsafələrdə avtomobillərin saxlanmasına qarşı keçirilən tədbirlərə etiraz edən Bakı şəhəri Nizami rayonunun bir qrupu sakini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.Sakinlər ərizədə avtomobillərini yaşadıqları evin yaxınlığında saxladıqlarına görə cərimələndiklərindən şikayət ediblər. Onlar, həmçinin əraziyə yaxın olan Bülbül prospektində inşa edilmiş dayanacaqda istifadə haqqının baha olduğunu bildiriblər.Sakinlərin etirazına münasibət bildirən Vaqif Əsədov qeyd edib ki, qanunun tələbləri müzakirə edilə bilməz və bu istiqamətdə yol polisi tərəfindən aparılan reydlər davam etdiriləcək: "Bildiririk ki, dayanacağın baha olması ilə bağlı müraciət aidiyyəti üzrə həmin dayanacaqların rəhbərliyinə ünvanlanmalıdır. Hər halda bir daha bildiririk ki, istifadə müddətindən asılı olmayaraq, paytaxtın mərkəzi küçələrində tikilmiş avtomobil duracaqlarına ödənilən istifadə haqqı yol polisinin etdiyi cərimənin məbləğindən qat-qat azdır. Onların bunu anlamaları yaxşı olardı".Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları noyabrın 16-dan etibarən yollarda sıxlıq və tıxacların yaranmasına səbəb olan dayanmanı, durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolların hərəkət hissəsində ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissələrinə yaxın məsafələrdə avtomobillərin dayandırılmasına qarşı reydlər keçirir.Tədbirlər paytaxtın Nizami, Xaqani, 28 May, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Rəsul Rza, Səməd Vurğun küçələri, Bülbül, Azadlıq prospektləri və digər mərkəzi küçə və prospektlərdə keçirilir. Artıq 3 gün ərzində 100-dən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !