Bakıdan Avropaya sərt bəyanat: "Qərəzli və qeyri-ciddidir"

11:25 | 16.04.2015
Bakıdan Avropaya sərt bəyanat:

Bakıdan Avropaya sərt bəyanat: "Qərəzli və qeyri-ciddidir"

XİN: "AP-nin qətnaməsi əsassız, qərəzli və qeyri-ciddidir"

Azərbaycan Xarici İşlər nazirliyi 15 aprel 2015-ci il tarixində Avropa Parlamentində qondarma "erməni soyqırımı”ı ilə bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində qondarma "erməni soyqırımı” ilə əlaqədar qətnaməni əsassız, qərəzli və qeyri-ciddi olaraq, ikili standartların bariz nümunəsi adlandırıb. 

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, "erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir".

Onun sözlərinə görə, insan hüquqlarının "müdafiəçisi” roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törədikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməmişlər.

"Hələ 80-ci illərin sonunda Avropa Parlamentində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə töhfə verən addımlardan biri olub. Avropa Parlamentinin 15 tarixli 2015-ci il tarixli qətnaməsi də Ermənistanın əsassız iddialarına dəstək verərək regionda gərginliyin daha da artmasına rəvac verir.

Tarixi saxtakarlıq əsasında "erməni soyqırımı” iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına və Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən xilas olmasına xidmət etmiş olardı".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM