Bakı Ali Neft Məktəbinin (BANM) «Neftçi» adlı tələbə komandası "Microsoft Imagine Cup 2017” beynəlxalq texnologiya müsabiqəsinin növbəti mərhələsinə qatılıblar.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqə 17- 19 may 2017 tarixində Kiyevdə (Ukrayna) keçirilir. Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Müsabiqədə iştirak etmək üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi. BANM-in tələbələri JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar. "Neftçi” komandasının üzvü olan "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun sözlərinə görə, innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar.
"Gündəlik həyatımızda müxtəlif ictimai yerlərdə, ticarət mərkəzlərində və s. oluruq, lakin orada çalınan musiqilərə dəyişiklik etmək imkanımız olmur. JABDA-ın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırki musiqi siyahısına sala və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər”,- deyə Şamil Ömərov bildirdi.
Qeyd edək ki, müsabiqədə "Neftçi” komandasının tərkibində çıxış edən BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov və Şamil Ömərov və "Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova "Microsoft Imagine Cup 2017” Milli Final mərhələsində birinci yerin qalibi olublar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !