Bakı-Ağstafa marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarına başlanılır

13:14 | 10.03.2023
"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.

Bu barədə ADY-dən bildirilib. Biletlər martın 10-dan satışa çıxarılacaq.

Sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.

Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.

Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət nornativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 91 km/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Azərbaycan Dəmir Yolları MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb