Hesablama Palatası Bakı Dövlət Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələrini müzakirə edib.
Universitetin gəlirləri 2015-ci ildə 36,1 mln. manat, 2016-cı ildə 41,1 mln. manat, xərcləri müvafiq olaraq 33,6 mln. manat və 41,1 mln. manat olub. Bundan başqa, qrant hesabına 2015-ci ildə 12854,0 ABŞ dolları, 30166,0 avro, 54000,0 rubl, 109100,0 manat, 2016-cı ildə 85,2 min ABŞ dolları, 29,5 min avro, 700,0 min rubl, 109,1 min manat daxilolma, müvafiq layihə çərçivəsində uyğun olaraq 133,4 min manat və 182,2 min manat xərcləri olub.
Bakalavriat təhsil səviyyəsi üzrə universitetin tələbə qəbulu planı 2015/2016-cı tədris ilində 88,6% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2076 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2111 nəfər təşkil etmişdir), 2016/2017-ci tədris ilində 93,0% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2314 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2231 nəfər təşkil etmişdir) yerinə yetirilib.
Magistratura təhsil səviyyəsi üzrə universitetin magistrant qəbulu planı 2015/2016-cı tədris ilində 82,3% (dövlət sifarişi üzrə 457 nəfər, ödənişli təhsil üzrə 162 nəfər), 2016/2017-ci tədris ilində 76,8% (dövlət sifarişi üzrə 464 nəfər, ödənişli təhsil üzrə 129 nəfər), fəlsəfə doktoru proqramı üzrə doktorantların qəbul planı 2015-ci ildə 100,0% (dövlət sifarişi üzrə), 2016-cı ildə 81,4% (dövlət sifarişi üzrə 82 nəfərə qarşı 70 nəfər və ya 85,3%, ödənişli əsaslarla 15 nəfərə qarşı 9 nəfər və ya 60,0%), elmlər doktoru proqramı üzrə dissertantların qəbul planı 2015-ci ildə 75,0% (dövlət sifarişi üzrə), vakant yerlərin sayı 1), 2016-cı ildə 100,0% (dövlət sifarişi üzrə), fəlsəfə doktoru proqramı üzrə dissertantların qəbul planı 2015-ci ildə 68,6% (dövlət sifarişi üzrə 56 nəfərə qarşı 43 nəfər və ya 76,7%, ödənişli əsaslarla 11 nəfərə qarşı 3 nəfər və ya 27,2%, vakant yerlərin sayı 8 nəfər), 2016-cı ildə 78,3% (dövlət sifarişi üzrə 61 nəfərə qarşı 58 nəfər və ya 95,0%, ödənişli əsaslarla 13 nəfərə qarşı 6 nəfər və ya 46,1%, vakant yerlərin sayı 16 nəfər) həyata keçirilib.
Universitetdə ödənişli əsaslarla təhsil alan və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilən təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsilalanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilən əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməyib.
"Maarifçi Tələbə Kredit” Fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib. Dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilən tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb.
Akademik borcu olan universiteti bitirən və diplom alan tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb. Dövlət sifarişi ilə təhsil alan tələbələrin 2015/2016-cı tədris ilində qış imtahan sessiyasının nəticələrinə görə 22,2%-nin, yay imtahan sessiyasının nəticələrinə görə 16,4%-nin, 2016/2017-ci tədris ilində isə qış imtahan sessiyasının nəticələrinə görə 18,7%-nin akademik borcu qalıb.
"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar”ın tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.
Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc İstedadlar Liseyi”nin müəllimlərinə artıq, eyni zamanda, universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq yüksəkliyə görə əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq universitetdə təhsil alan və Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilməyib.
2016-cı ildə "Təhsil” xərcləri bölməsindən "Gənc İstedadlar Liseyi”nə, "Təhsil sahəsində tətbiqi tədqiqatlar” köməkçi bölməsindən "Elm” xərclərinə, "Tələbələrə verilən təqaüdlər” xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.
Hesabat dövründə əldə olunan gəlir "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da düzgün göstərilməmiş, "Digər təşkilatlardan köçürmələr” hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar "Maliyyə vəziyyəti haqqında hesabat”a daxil edilməyib.
Auditin nəticələri üzrə aşkar edilən qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də, hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya Qərarının surəti Bakı Dövlət Universitetinə göndərilib.
Auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !