Bu gün paytaxt Bakı ağır və faciəli günlərindən birini yaşadı. Hündürmərtəbəli binalardan birində baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb (yazı hazırlanan müddət ərzində Səhiyyə Nazirliyinin rəsmi açıqladığı rəqəm belədir. Qurum bu sayın dəyişəcəyini də qeyd edib – red.).
Yanğının baş vermə səbəblərinə gəlincə, binanın üzünə çəkilmiş penoplast adlı materialın alışması səslənən ilkin ehtimallardandır. Qeyd edək ki, bundan əvvəl Bakıda və Sumqayıt şəhərlərində də eyni səbəblə yanğın hadisəsi baş vermişdi. Amma nəticələri bugünkü qədər ağır olmamışdı.
ANN.Az xəbər portalına açıqlama verən ekspertlər, eləcə də ictimai xadimlər əvvəlki hadisələrin sadəcə bir siqnal olduğunu və buna rəsmilərin, əlaqədar təşkilatların önəm vermədiyini vurğulayıblar.
Milli Məclisin üzvü Fazil Mustafa hesab edir ki, bugünkü faciəli hadisə zamanı ziyan çəkən şəxslərin həm maddi, həm də mənəvi kompensasiyasını həmin tezalışan və yararsız üzlük materialları Azərbaycana gətirən işbazlar ödəməlidir: "Eyni zamanmda şəhər rəhbərliyi də nəzərə almalıdır ki, yaşayış binalarının üzünə belə tez yanan material çəkmək olmaz. Çünki orada insan yaşayır. Onlar həyatlarını hər an təhlükə içərisində hesab etməməlidirlər, onlar rahat şəkildə nəfəs almalı, rahat yaşamalıdırlar. Bu tez alışan materialların istifadəsi demək olar ki, tamamilə yanlışdır. Bugünkü faciədən ziyan çəkənlərin – həm maddi, həm də mənəvi baxımdan kompensasiyalarını o materialları ölkəyə gətirən işbazlar ödəməlidirlər. Belə təhlükəli materialların ölkəyə gətirilməsi yalnız o işbazların maraqlarına, mənafelərinə xidmət edir. Bu səbəbdən də yanğın hadisələri tez-tez baş verir”.
F.Mustafa təhlükəli tikinti materiallarını satışa çıxaranların da, onun istifadəsinə icazə verən dövlət rəsmilərinin də cəzalandırılmasını tələb edib: "Həmin şəxsləri maraqlandıran o materialdan götürəcəkləri gəlirdir. Bilən varmı ki, kimlər bu hadisələrdən sonra məhsuliyyət daşıyacaq? Təbii ki, yox. Belə təxribatları yaradanlar, faciə törədənlər bu binaları həmin zərərli materiallarla bəzəməyə çalışanlardır”.
Şəhərsalma üzrə ekspert, tanınmış inşaat mühəndisi Rahab Qazıyev hesab edir ki, Bakı şəhəri bu gün penoplast adlı bombanın üzərində əyləşib: "Bunu etiraf etməyin vaxtı çoxdan yetişib. Biri gedin 12 mərtəbəli bina tikmək üçün icazə alır, sonar da əlavə rüşvətini verib onu 16 mərtəbə edir. Daha demir ki, axı mən nə edirəm? İnşaat işi çox böyük bir elmdir. Hər yerindən duran inşaatla məşğul ola bilməz”.
Ekspert qeyd edib ki, baş verən belə kədərli, faciəli hadisələri yaşamamaq üçün binaları belə zərərli materiallarla yox, yaxşı görünən yağlı boyalarla boyamaq daha münasibdir: " Bu cür boyama, rəngləmə əvvəl də var idi, amma sonradan bu zərərli materiallarla binaların üzünü örtməyə başladılar ki, guya daha yaxşı görünür. Amma fikirləşmirlər ki, yaxşı görünəcək deyə binadakı insanların həyatını təhlükə altına atmaq olmaz”.
R.Qazıyev daha sonra penoplast materialının zərərli tərəfləri haqqında danışıb: " Bu materialın zərəri haqqında danışmaqla bitməz. Çünki bu materialın tez yanması hələ dərdin yarısıdır. Penoplast yanan zaman elə dəhşətli dərəcədə tüstü verir ki, insan yanğından deyil, o tüstüdən boğulub ölə bilər. Bütün inkişaf etmiş ölkələrdə demək olar ki, yanan materialdan inşaat işlərində istifadə etmək qəti qadağan edilib. Əslində bizdə də bu qadağa var. Amma ona kimdir fikir verən?”
Milli Məclisin üzvü Zahid Oruc da hadisə ilə bağlı narahatlığını dilə gətirib: "Daha dəqiq araşdırma aparılmalıdır ki, hadisə hansı səbəbdən baş verib: bu üzlük materiallarının oda davamsızlılığından, yoxsa məqsədli şəkildə yanğın törədilib? Hesab edirəm ki, qəti fikir söyləmək hələ tezdir. Bakının gözəlliyinin qorunması üçün görülən işlər zamanı biz belə hallarla tez-tez rastlaşmırıq”.
Depuhtat bildirib ki, Azərbaycanda "Tikinti Məcəlləsi” qəbul olunsa da, o materiallarla bağlı tələblər müvafiq icra orqanlarının tərəfindən nəzarət altında saxlanmalıdır: "Bu işləri görmək üçün tikinti arxitekturası var, eyni zamanda tikintiyə nəzarət edən başqa qurumlar.
Bu hadisəni mühüm tədbirlər ərəfəsində Azərbaycana qarşı məqsədli şəkildə hazırlanmasını, təxribat hesab eləmək olmaz. Bu hadisələrə əvvəlcədən belə ad vermək mümkün deyil. Hər bir detal araşdırılmalı və bundan sonra hadisə haqqında fikir irəli yürüdülməlidir”.
Z.Oruc bildirib ki, bu faciəli hadisə ilə bağlı yəqin ki, Milli Məclisin mayın 29-da keçiriləcək iclası zamanı müzakirə aparılacaq: "Amma Milli Məclis tribunası qarşısında bu məsələni işıqlandırmaqdan daha vacibi bu faciəli hadisənin mahiyyətiə varmaqdır: yanğın zamanı tüstüdən tələfat olanlar , maddi-mənəvi ziyan görənlər bu ölkənin vətəndaşlarıdır. Bu həm də bizim üçün bir siqnaldır, ciddi xəbərdarlıqdır və biz ölkə vətəndaşlarını belə faciələrdən qorumalıyıq”.
İqtisadçı ekspert Natiq Cəfərli belə bir hadisənin baş verməsindən çox təəssüf hissi keçirdiyini dilə gətirib: "Təəssüf ki, bizdə hansısa hadisə baş verəndən sonra onun mahiyyətinə varır, çıxış yolları aramağa başlayırıq. Amma binaların üzünə bu cür təhlükəli materillar vurarkən, bir çox mütəxəssislər sosial şəbəkələrdə, açıqlamalarında bildirirdilər ki, bu materillar çox keyfiyyətsiz və insan həyatı üçün təhlükəlidir. Azərbaycan kimi isti iqlimi, küləkli bir region üçün belə tez alışan materialların istifadə düzgün deyil. Bu barədə daha əvvəl düşünülməliydi, binaların üzərinə bu örtüklər vurulmamışdan öncə. Mütəxəssislər bildirirdilər ki, hətta yanğın baş verməsə belə isti hava zamanı həmi materillar buxarlanma zamanı insan həyatı üçün təhlükəlidir. Bu fikilərin söylənilməsinə baxmayaraq, çox təəssüflər olsun ki , aiddiyyatı qurumlar araşdırma aparmadan, öz mənfəətlərini güdərək yalançı bina bəzək-düzəklərinin arxasınca qaçırdılar. Hətta birinci bina yanandan sonra bu barədə lazımlı ehtiyat tədbirləri görülmədi. Təəssüf ki, birinci yanğından sonra nə günahkarlar tapıldı, nə də bu işlər üzərində lazımi araşdırmalar aparıldı. Bu da öz növbəsində ikinci faciəni yetişdirdi. Keyfiyyətsiz məhsulların alınması və istifadəsinə nəzarət olmadığına görə bu hadisələr tez-tez baş verir, bundan sonra da baş vermə ehtimalı daha çoxdur. Lazımi tədbirlər görülməsə, daha çox insanların ölüm faktı ilə üz-üzə dayanacayıq”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !