Yasamal rayon sakinləri yerli icra hakimiyyətinin qərarına və tikinti şirkətinin bina tikməsinə etiraz ediblər.
Anews.az Bizimyol-a istinadən xəbər verir ki, etirazçılar yaşadığı binadan "Elite City” həyətdən əl çək!”, "Uşaqları günəşsiz, havasız qoyma!”, "Hər ağac candır, canımızı almayın”, "Tikintiyə yox, yaşıllığa hə!” yazılan plakat asıblar.
Yasamal rayonu, Zahid Xəlilov, Əhməd Cəmil və Şəhriyar küçələrinin əhatə etdiyi 568-ci məhəllədə qəzalı vəziyyətdə olan, istimasara yararsız köhnə binaların sökülərək yeni yaşayış binasının tikintisində şəhərsalma norma və qaydalarının pozulması ilə bağlı məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət ediblər.
İşə hakim Müseyib Bayramovun icraatında baxıldığı halda "Elite City” MMC həmin sakinlərin yaşadığı ünvanda söküntü işlərinə başlayıblar. Söküntü işi və ağacların kəsilməsi sakinlərin etirazına səbəb olub.
Sakinlərin müraciətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, ərazidə yeni binanın tikintisi bu qurumla razılaşdırılmayıb.
Sakinlərdə narazılığına Yasamal rayon İcra Hakimiyyəti başçısının 21.06.2017-ci il tarixli sərəncamı səbəb olub.
Həmin sərəncamda bildirilir ki, Zahid Xəlilov küçəsi 30, 32, 34 ünvanlarında yerləşən yaşayış binaları qəzalı vəziyyətdədir və sökülməsi nəzərdə tutulan bu binaların yerində "Elite City” MMC-yə yeni yaşayış binasının tikintisinə icazə verilir.
Sakinlər məhkəməyə müraciət edərək iddia ediblər ki, həyətlərində 14 mərtəbəli yaşayış binasının tikintisi tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. Bu baxımdan hesab edirblər ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı 21.06.2017-ci il tarixli, 191 saylı sərəncamı Şəhərsalma və Tikinti Məcəlləsinin, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin, Nazirlər Kabinetinin 25.02.2017-ci il tarixli, 86 nömrəli qərarının və digər normativ-hüquqi aktların tələblərini pozmaqla verilib.
Sakinlər bildirib ki, "Elite City” MMC-nin onların yaşadığı binanın həyətində hündürmərtəbəli yaşayış binası tikməsi onlarda narahatlıq yaradıb. Üç tərəfdən 9 mərtəbəli, bir tərəfdən 5 mərtəbəli ilə əhatə olunan qapalı həyətin sahəsi təxminən 55m x 55m ölçüdədir.
Sakinlər həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binanın sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirlər. Lakin həmin 3 binanın yerində 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisini qanunlara zidd hesab ediblər. Sakinlər iddia edib ki, həyətdə yeni bina tikilərsə, həyətdə olan çoxillik ağaclar kəsiləcək, yaşıllıqlar məhv ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !