Qəzaya uğrayan avtobusda ümumilikdə 28 nəfər olub
REPORT.AZ/ Bakı-Sumqayıt yolunda qəzaya uğrayan avtobusda ümumilikdə 28 nəfər olub.
Bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, onlardan 5-i dünyasını dəyişib: "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyədə müalicə olunur. Bakıdakı 1 saylı Kliniki Tibi Mərkəzdə olan iki xəstənin vəziyyəti isə ağır olaraq qalır".
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 17 nəfər yaralı aparılıb.
Nazirlik rəsmisi deyib ki, onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb: "Hazırda xəstəxanada 15 nəfər müalicə olunur. Daha 4 nəfər Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü ölüb. Bir nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 5 yaralı isə Xırdalandakı xəstəxanaya çatrılıb. Onlardan ikisi dünyasını dəyişib. Hazırda yaralıların vəziyyəti orta-ağırdır".
L.Bayramovanın sözlərinə görə, hazırda nazirliyin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardımın göstərilməsini təmin etmək üşün xəstəxanalara ezam olunublar.
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.
Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.
Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub.
*** 10:12
Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində baş verən qəzada üç tələbə ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.
O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.
S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !