Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.
BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.
2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.
Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.
Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !