Oktyabrın 21-dən 24-dək Bakıda Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri – "BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək.
Bu barədə "İteca Caspian” şirkətindən Oxu.Az-a bildirilib.
Şirkətin məlumatına görə, "Xəzər İnşaat Həftəsi”nin başlanğıcını bildirən bu sərgi müxtəlif ölkələri təmsil edən bir çox mütəxəssis tərəfindən səbirsizliklə gözlənilir. Sərginin hər il keçirilməsi inşaat materialları və xidmətlərinin həm yerli, həm də xarici istehsalçıları və istehlakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması üçün şərait yaratmaqla yanaşı, Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verir.
"Bu il 500-dən artıq şirkətin daxil olduğu sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən açıq meydançasını, eləcə də əsas foyesini əhatə edəcək.
"BakuBuild” sərgisinin ənənələrindən biri də tədbirdə milli stendlərin fəal iştirakıdır, belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də builki debütantlar - Çexiya və Hindistan yer alır.
Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahə rezervasiya ediblər. Beləliklə, bütün dünyada iqtisadi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, "BakuBuild” sərgisinin tərkibi yeni şirkətlər sayəsində daha da zənginləşir. Sərgidə təqdim olunan məhsulların çeşidi də artıb” - deyə, şirkətdən qeyd olunub.
Qeyd edək ki, "BakuBuild” sərgisində yalnız bu il dünya bazarına daxil olacaq bir sıra yeni məhsullar təqdim ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !